Almaniyanın aparıcı müdafiə sənayesi şirkətləri Avropa üçün yeni nəsil döyüş təyyarəsinin hazırlanması istiqamətində qüvvələrini birləşdirir.
“İki sahil” xəbər verir ki, Fransanın "La Tribune" qəzetinin məlumatına görə, səkkiz Alman müdafiə şirkəti altıncı nəsil qırıcı təyyarənin yaradılması məqsədilə Team Gen 6 adlı sənaye alyansı formalaşdırır.
Alyansın tərkibinə Airbus Defence and Space, Diehl Defence, Hensoldt, MBDA Deutschland və MTU Aero Engines daxil olmaqla Almaniyanın ən böyük müdafiə və aerokosmik şirkətləri daxildir.
Mənbələrin bildirdiyinə görə, yeni alyansın yaradılması barədə rəsmi elan iyunun 10-da başlanacaq ILA Berlin Air Show çərçivəsində veriləcək. Layihənin əsas məqsədi Avropanın gələcək hava üstünlüyünü təmin edə biləcək altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasıdır.
Bu, Avropada yeni nəsil qırıcı təyyarənin birgə hazırlanması istiqamətində ikinci böyük təşəbbüs hesab olunur. Daha əvvəl 2017-ci ildə Fransa və Almaniyanın təşəbbüsü ilə Future Combat Air System (FCAS) proqramına start verilmiş, sonradan layihəyə İspaniya da qoşulmuşdu.
Lakin layihədə iştirak edən Dassault Aviation ilə Airbus Defence and Space arasında texnoloji və idarəetmə məsələləri üzrə yaranan fikir ayrılıqları proqramın inkişafını ciddi şəkildə ləngitmişdi. Məhz bu səbəbdən layihə gözlənilən nəticələri verməmiş və faktiki olaraq dayandırılmışdı.
Yeni Team Gen 6 təşəbbüsü Avropanın müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsi, ABŞ və digər aparıcı hərbi güclərlə rəqabət apara biləcək müasir hava platformalarının yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.