10 iyun 2026 10:46
118

ABŞ-dan Avropa İttifaqına "Ebola" tələbi

ABŞ administrasiyası hesab edir ki, beynəlxalq səfərlər futbol üzrə dünya çempionatı dövründə Ebola virusunun yayılmasını sürətləndirə bilər. Bu səbəbdən Vaşinqton Avropa ölkələrindən infeksiyanın qarşısının alınması tədbirlərini sərtləşdirməyi tələb edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" nəşri məlumatlı mənbələrə istinadla xəbər verib.

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Prezident Donald Trampın əsas müşavirləri Avropada tətbiq olunan səyahət məhdudiyyətlərini kifayət qədər sərt hesab etmirlər. ABŞ tərəfi Avropa ölkələrinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola ilə mübarizə strategiyasından imtina edərək Vaşinqtonun təklif etdiyi daha sərt qaydalara keçməsini istəyir.

Məlumata görə, ötən həftə ABŞ Dövlət Departamenti Avropa ölkələrinə Mərkəzi Afrikadan gələn səfərlərə məhdudiyyətlərin tətbiqi ilə bağlı “təcili müraciət” göndərib. Adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib ki, ABŞ mövqeyini üç əsas arqumentlə əsaslandırır:

ÜST Ebola epidemiyası barədə vaxtında xəbərdarlıq etməyib və ölkələri sərhədləri bağlamağa və səyahət qadağaları tətbiq etməyə çağırmayaraq dünya ictimaiyyətini yanlış istiqamətləndirib;

Avropa İttifaqı ÜST-nin tövsiyələrinə əməl etdiyi və Ebola epidemiyasından təsirlənən ölkələrdən gələn sərnişinlər üçün hava limanlarında əlavə yoxlama tədbirləri tətbiq etmədiyi üçün tənqid olunur;

ABŞ Avropa ölkələrini Kanada və Meksikanın nümunəsini izləməyə və ABŞ-da tətbiq olunanlara bənzər məhdudiyyətlər tətbiq etməyə çağırır.

"Axios"un məlumatına görə, ABŞ hakimiyyəti Afrika ölkələrindən gələn, o cümlədən Avropa üzərindən tranzit edən sərnişinləri izləyir və bəzi hallarda onların ölkəyə girişinə qadağa qoyur.

Bununla belə, ÜST və Avropadakı səhiyyə qurumlarının nümayəndələri hesab edirlər ki, sərhədlərin bağlanması cəhdlərindən daha effektiv üsul sərnişinlərin tibbi yoxlanışı, test edilməsi və yoluxmuş şəxslərlə təmasda olanların izlənməsidir.