Avropada ekstremal temperatur göstəriciləri artıq “yeni reallıq” hesab olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu nəşri olan "Financial Times" Avropa İttifaqının Yer müşahidə proqramı olan Copernicus tədqiqatçılarının məlumatlarına istinadla yazır.
Mütəxəssislərin hesablamalarına görə, may ayında Avropanın böyük hissəsində küləyin təsiri nəzərə alınmaqla müəyyən edilən “hiss olunan temperatur” indeksi 35–40 dərəcə Selsiyə qədər yüksəlib. Ötən ay bir sıra Avropa ölkələrində milli temperatur rekordları qeydə alınıb və müşahidələr tarixində yalnız 2024-cü ilin may ayından geri qalaraq ikinci ən isti may ayı olub.
İsti hava dalğası xüsusilə Birləşmiş Krallıq, Fransa, İrlandiya və Portuqaliya ərazisində daha ciddi təsir göstərib.
İspaniyada isə yüksək temperatur səbəbindən may ayı ərzində 101 nəfərin həyatını itirdiyi bildirilir. Fransa və Böyük Britaniyada insanların istidən qorunmaq üçün çay, göl və digər su hövzələrinə üz tutması nəticəsində boğulma hallarında da artım müşahidə olunub.
Alimlər qeyd edirlər ki, bu yaz sərin hava şəraitindən rekord istilərə keçid çox sürətli baş verib. Nəticədə nə insanlar, nə kənd təsərrüfatı sektoru, nə də ekosistemlər yeni şəraitə uyğunlaşmaq üçün kifayət qədər vaxt tapa biliblər.
Mütəxəssislərin fikrincə, Avropa dünyanın ən sürətlə istiləşən qitəsi olaraq qalır. Bunun əsas səbəblərindən biri qitənin Arktika bölgəsinə yaxın yerləşməsidir. Arktikada buz və qar örtüyünün əriməsi nəticəsində daha tünd rəngli torpaq səthi açılır ki, bu da günəş şüalarını daha çox udaraq havanın əlavə qızmasına səbəb olur.
Alimlər eyni zamanda xəbərdarlıq edirlər ki, Sakit okeanın tropik hissəsində müşahidə olunan qeyri-adi yüksək temperatur qlobal iqlim böhranını daha da dərinləşdirir. Bu proses dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin, o cümlədən isti dalğalarının, quraqlıqların və güclü yağıntıların artmasına gətirib çıxarır.
Ekspertlərin qənaətinə görə, yaxın illərdə temperaturun kəskin dəyişməsi və rekord istilər Avropa ölkələri üçün getdikcə daha tez-tez rast gəlinən hadisəyə çevrilə bilər.