11 iyun 2026 11:00
100

Sahibkarlar üçün kreditə gedən yol indi daha qısa görünür

İqtisadçı: Yeni Fərman regionlarda biznes subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirərək investisiya qoyuluşlarını təşviq edəcək

Azərbaycanda sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi və regionların iqtisadi potensialının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə biznes mühitinin yaxşılaşdırılması, investisiya fəallığının təşviqi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl addımlar atılır. Xüsusilə kiçik və orta sahibkarlığın iqtisadi artımda rolunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regional inkişafın sürətləndirilməsi baxımından maliyyə dəstəyi mexanizmləri mühüm əhəmiyyət daşıyır.

Məhz bu məqsədlərə xidmət edən növbəti mühüm addım Prezident İlham Əliyevin imzaladığı sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmandır. Yeni sənəd biznesin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi, investisiya təşəbbüslərinin dəstəklənməsi və iqtisadi aktivliyin daha geniş coğrafiyada təşviqi baxımından diqqət çəkir.

Kreditə çıxışın genişlənməsi biznes üçün yeni imkanlar yaradır

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında  bildirdi ki, Prezident İlham Əliyevin yeni Fərmanı sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: “Xüsusilə bu sənəd  orta sahibkarlığın dəstəklənməsi, kredit mühitinin daha da təşviq olunması və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Fərmanın ən mühüm xüsusiyyətlərindən biri regionlara yönəlməsidir. Sənədə əsasən, 2026–2030-cu illər ərzində mexanizmlərin pilot layihə kimi məhz regionlarda tətbiqi nəzərdə tutulur. Bu isə regionlarda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin inkişafı, yeni investisiyaların cəlbi və iqtisadi fəallığın artırılması baxımından mühüm rol oynayacaq.

Yeni mexanizm çərçivəsində sahibkarların kredit yükünün azaldılması üçün faiz subsidiyası tətbiq olunur. Mövcud şərtlərə görə, müəyyən edilmiş hədd daxilində kredit faizinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Bu da sahibkarların daha sərfəli şərtlərlə maliyyə vəsaiti əldə etməsinə, fəaliyyətlərini genişləndirməsinə və yeni layihələrə investisiya yatırmasına əlavə imkan yaradır.

Sözügedən Fərmanın mühüm yeniliklərindən biri də dövlət zəmanəti mexanizminin genişləndirilməsidir. Kredit almaq üçün kifayət qədər girovu olmayan sahibkarlar dövlət zəmanətindən yararlana biləcəklər. Bu yanaşma xüsusilə maliyyə resurslarına çıxışda çətinlik çəkən biznes subyektləri üçün yeni imkanlar açır və kredit əlçatanlığını artırır”.

Qarabağ və Şərqi Zəngəzur üçün daha geniş zəmanət mexanizmi tətbiq edilir

İqtisadçı qeyd etdi ki, Fərmanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün daha geniş güzəştlər nəzərdə tutulub: “Belə ki, həmin ərazilərdə verilən kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilə bilər. Digər regionlarda isə kreditlərin 50 faizədək hissəsinə zəmanət tətbiq olunur. Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına, investisiya qoyuluşlarının artmasına və iqtisadi fəallığın güclənməsinə əlavə stimul yaradır.

Təminat və faiz subsidiyası mexanizmləri əsasən məbləği 5 milyon manata qədər olan kreditlərə şamil edilir. Şirkətlər qrupu tərəfindən təqdim edilən layihələr üçün isə maksimal limit 10 milyon manat müəyyənləşdirilib. Bu da daha iri həcmli investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar formalaşdırır.

Hazırda Azərbaycanda investisiyaların və biznes kreditlərinin regionlar üzrə bölgüsündə müəyyən disbalans müşahidə olunur. İqtisadi fəallığın və maliyyə resurslarının böyük hissəsi Bakıda cəmləşib. Kredit portfelinin 70 faizdən çoxunun paytaxtın payına düşməsi regionlarda maliyyə resurslarına çıxışın genişləndirilməsinin vacibliyini bir daha göstərir”.

Regionlara yönələn maliyyə axını iqtisadi tarazlığı gücləndirə bilər

E. Əmirov diqqətə çatdırdı ki, yeni Fərman regionlarda sahibkarların maliyyə imkanlarını artıran, investisiya qoyuluşlarını təşviq edən, biznes aktivliyini gücləndirən və qeyri-neft sektorunun inkişafına əlavə təkan verən mühüm iqtisadi dəstək mexanizmi kimi qiymətləndirilir. Bunun nəticəsində regionlarda yeni biznes təşəbbüslərinin sayı arta, məşğulluq imkanları genişlənə və iqtisadi inkişafın daha balanslı şəkildə təmin olunmasına töhfə verilə bilər.

Nigar Orucova, "İki sahil"