10 iyun 2026 20:41
112

AEBA İranı uranla bağlı məlumatları açıqlamağa çağıran qətnamə qəbul edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası ABŞ-nin dəstəyi ilə İranı zənginləşdirilmiş uranın qalan ehtiyatları barədə məlumatı açıqlamağa və inspektorlara onları yoxlamaq imkanı yaratmağa çağıran qətnamə qəbul edib.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, sənəd ABŞ və İran arasında qarşılıqlı zərbələrdən bir neçə saat sonra qəbul edilib.

Qətnamə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən hazırlanıb. Onun lehinə 21 ölkə səs verib, Rusiya, Çin və Niger əleyhinə çıxış edib, daha 10 dövlət isə bitərəf qalıb. Venesuela səsvermədə iştirak etməyib.

AEBA-dan bildirilib ki, ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin taleyi qeyri-müəyyən olaraq qalır. Qəbul edilmiş qətnamə Tehranı müvafiq məlumat verməyə və agentliklə əməkdaşlığı təmin etməyə çağırır.

İran isə sənədi tənqid edərək, onu ölkəyə qarşı hərbi təcavüzə haqq qazandırmaq cəhdi adlandırıb.