11 iyun 2026 11:15
94

Elnur Soltanov: Həyata keçirilən yeni layihələr 1,5 mlrd. kubmetr qaza qənaət etməyə imkan verəcək

Azərbaycanda həyata keçirilən enerji layihələri nəticəsində hər il təxminən 1,5 milyard kubmetr təbii qazın qənaət edilməsi mümkün olacaq.

“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan 2027-ci ilədək 2 giqavat gücündə bərpa olunan enerji istehsal gücü yaradacaq.

E. Soltanov bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasının modernləşdirilməsi və yeni bərpa olunan enerji layihələrinin həyata keçirilməsi nəticəsində təxminən 1,5 milyard kubmetr təbii qaz azad olunacaq.

"Bu, faktiki olaraq yeni qaz yatağının kəşf edilməsinə bərabərdir", - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin böyük hissəsi təbii qaz hesabına istehsal olunur. Bərpa olunan enerji mənbələrinin payının artırılması həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də əlavə qaz həcmlərinin ixraca yönəldilməsinə imkan yaradacaq.

E. Soltanov qeyd edib ki, yeni bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə inteqrasiyası üçün təxminən 500 milyon ABŞ dolları həcmində investisiya tələb olunur. Bununla belə, həyata keçirilən layihələr həm iqtisadi səmərəliliyi, həm enerji təhlükəsizliyini, həm də ekoloji hədəfləri dəstəkləyir.