11 iyun 2026 13:51
122

AzInTelecom yaşlı nəslin nümayəndələri üçün informativ sessiya təşkil edib

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaşlı nəslin nümayəndələri üçün informativ sessiya təşkil olunub.
“İki sahil” xəbər verir ki, sessiya “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “YAŞA” Mərkəzində baş tutub. Tədbirin əsas məqsədi yaşlı nəslin rəqəmsal dünyada potensial təhlükələrə qarşı kibersavadlılığı artırmaq və onları onlayn mühitdəki təhlükələrdən qorumaq olub.
Sessiya çərçivəsində iştirakçılarla internetdən düzgün və təhlükəsiz istifadə qaydaları barədə maarifləndirici təqdimat nümayiş edilib. Xüsusilə naməlum zənglərə qarşı diqqətli olmaq, SMS kodlarını və bank məlumatlarını paylaşmamaq, şübhəli linklərdən uzaq durmaq və sosial şəbəkələrdəki təhlükələrə qarşı ayıq-sayıq olmağın vacibliyi vurğulanıb.
İnteraktiv formada keçən tədbirdə iştirakçılar real həyatda qarşılaşdıqları şübhəli halları bölüşüblər. Sessiyanın sonunda onları maraqlandıran suallar cavablandırılıb və hədiyyələr təqdim olunub.
Rəqəmsal savadlılığın vacibliyini önəm verən “AzInTelecom” MMC bu istiqamətdə maarifləndirici fəaliyyətlərini davamlı olaraq həyata keçirməyi planlaşdırır.