11 iyun 2026 16:12
103

Londonda “Şimal Axın” partlayışları ilə bağlı məhkəmə prosesi başa çatıb

Londonda “Şimal Axını” qaz kəmərlərində baş vermiş partlayışlardan sonra sığorta ödənişləri ilə bağlı aparılan məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qərarının 29 iyundan sonra elan ediləcəyi bildirilib.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, qaz kəmərlərinin operatoru olan Nord Stream AG şirkəti 2024-cü ildə Lloyd's of London və Arch Insurance əleyhinə iddia qaldırıb. Şirkət sığortaçıların partlayışlar nəticəsində dəymiş zərəri ödəməkdən imtina etdiyini bildirib.

İddia üzrə tələb olunan kompensasiya məbləği 580 milyon avro (təxminən 684 milyon ABŞ dolları) təşkil edir. Cavabdeh tərəfin mövqeyinə görə, sığorta müqaviləsinin şərtləri müharibə nəticəsində və ya hər hansı hökumətin göstərişi ilə vurulan zərərlərin ödənilməsini istisna edir.

Məhkəmə araşdırmaları 2026-cı ilin aprel ayında başlayıb və artıq yekun mərhələyə çatıb.