Texnologiyanın inkişafı, dəyişən həyat tərzi və fərqli dünyagörüşləri nəsillərarası fikir ayrılıqlarını ön plana çıxarıb.
Müasir dövrdə valideynlərlə övladlar arasında fikir ayrılıqları cəmiyyətin ən çox müzakirə olunan sosial mövzularından birinə çevrilib. Əgər əvvəllər nəsillər arasındakı fərqlər daha çox məişət məsələlərində özünü göstərirdisə, bu gün təhsil, peşə seçimi, şəxsi münasibətlər, sosial media və həyat tərzi ilə bağlı məsələlərdə də özünü büruzə verir.
Texnologiyanın sürətli inkişafı bu fərqin əsas səbəblərindən biri hesab olunur. Bugünün gəncləri rəqəmsal mühitdə böyüyür, məlumatı internetdən əldə edir və dünyada baş verən prosesləri anında izləyə bilirlər. Valideynlərin böyük bir hissəsi isə fərqli dövrdə formalaşdığı üçün hadisələrə daha ənənəvi prizmadan yanaşırlar. Nəticədə eyni məsələyə iki fərqli baxış bucağı meydana çıxır.

Dəyərlər dəyişdikcə baxışlar da dəyişir
Nəsillərarası fikir ayrılıqları ən çox təhsil və peşə seçimi zamanı hiss olunur. Bir çox valideynlər övladlarının gələcəyini daha təhlükəsiz hesab etdikləri peşələrdə görmək istəyirlər. Gənclər isə maraqlarına və qabiliyyətlərinə uyğun seçim etməyə üstünlük verirlər. Bu fərqli yanaşmalar bəzən ailədaxili mübahisələrə səbəb olur. Bununla yanaşı, bənzər vəziyyət şəxsi həyatla bağlı qərarlarda da müşahidə edilir. Gənclər daha müstəqil qərarlar vermək istədikləri halda, valideynlər həyat təcrübələrinə əsaslanaraq onların seçimlərinə təsir göstərməyə çalışırlar. Hər iki tərəfin məqsədi yaxşı niyyətə əsaslansa da, baxış fərqləri anlaşılmazlıqlar yarada bilir.
Sosial şəbəkələr fərqi daha da artırır
Müasir informasiya mühiti nəsillər arasındakı fərqləri daha qabarıq şəkildə ortaya çıxarır. Sosial şəbəkələr vasitəsilə gənclər dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarının həyat tərzi ilə tanış olur, yeni ideya və tendensiyaları mənimsəyirlər. Bu dəyişikliklər isə bəzən ailədə qəbul olunmuş ənənəvi baxışlarla üst-üstə düşmür. Mövcud mənzərə onu deməyə əsas verir ki, sosial media ilə bağlı mübahisələr ailələrdə ən çox rast gəlinən fikir ayrılıqlarından biridir. Valideynlər internetin yaratdığı risklərdən narahat olduqları halda, gənclər onu gündəlik həyatın ayrılmaz hissəsi kimi qiymətləndirirlər.
Anlaşılmazlıq yoxsa, ünsiyyət problemi
Mütəxəssislər və sosial müşahidələr göstərir ki, əksər hallarda problem tərəflərin bir-birini başa düşmək istəməməsində deyil, ünsiyyət çatışmazlığında olur. Valideynlər övladlarının qarşılaşdıqları yeni reallıqları tam anlamaya, gənclər isə valideynlərin narahatlıqlarını kifayət qədər nəzərə almaya bilirlər.
Əslində nəsillərarası fikir ayrılığı yeni bir problem deyil. Fərqli dövrlərdə böyüyən insanların hadisələrə müxtəlif aspektdən yanaşmaları təbii haldır. Lakin dəyişən dünyada qarşılıqlı anlayış daha böyük əhəmiyyət qazanır.
Ortaq məxrəci necə tapmalı?
Müasir cəmiyyətin sürətlə dəyişdiyi bir dövrdə həm valideynlər, həm də gənclər yeni çağırışlarla üzləşirlər. Bu səbəbdən tərəflərin bir-birinin fikirlərinə hörmətlə yanaşması və dialoqa açıq olmaları mühüm əhəmiyyət daşıyır. Nəzərə almalı olduğumuz əsas məqam bundan ibarətdir ki, nəsillər arasında fərqli baxış bucaqlarının olması qaçılmazdır. Vacib olan bu fərqlərin qarşıdurmaya deyil, qarşılıqlı anlaşmaya xidmət etməsidir. Çünki eyni evdə yaşayan fərqli nəsilləri birləşdirən ən vacib amil ortaq dəyərlər və qarşılıqlı etimaddır.
Şahnigar Əhmədova, “İki sahil”