12 iyun 2026 13:10
106

İsveçrə Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirib

Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin bildirib ki, Bern Rusiya vətəndaşlarına viza verilməsi siyasətini sərtləşdirib.

“İki sahil” xəbər verir ki,  diplomat bu barədə «RIA Novosti» agentliyinə müsahibəsində danışıb.

Səfirin sözlərinə görə, son aylarda Rusiyanın İsveçrədəki diplomatik nümayəndəliyi Moskvadakı İsveçrə səfirliyinin viza siyasətinin sərtləşdirilməsi ilə bağlı həmvətənlərindən daha çox şikayət almağa başlayıb. O qeyd edib ki, hazırda İsveçrə əksər hallarda yalnız səfərin tarixlərini əhatə edən birdəfəlik giriş vizaları verir, çoxgirişli vizaların alınması isə nadir hallara çevrilib.

Sergey Qarmonin hesab edir ki, İsveçrə bu məsələdə Avropa İttifaqı institutlarının siyasətinə uyğun hərəkət edir və Brüsselin mövqeyini dəstəkləyir.

Diplomat həmçinin vurğulayıb ki, İsveçrədə yaşayan və ya fəaliyyət göstərən Rusiya vətəndaşlarının üzləşdiyi əsas problemlərdən biri “örtülü diskriminasiya formalarıdır”.