12 iyun 2026 13:29
103

"Tom Soyerin Macəraları" kitabının nəşr olunmasının 150 illiyi tamam olub

Mark Tvenin məşhur "Tom Soyerin Macəraları" kitabının nəşr olunmasının 150 illiyi tamam oldu. Bir əsr yarım ərzində bu roman və onun davamı olan "Heklberri Finnin Macəraları" həm böyümə və yetkinləşmə haqqında ədəbiyyatın klassik nümunələrinə, həm də istənilən öhdəlik və qadağanı maraqlı macəraya çevirməyin özünəməxsus bələdçisinə çevrilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  Tom Soyer obrazı əvvəlcə bazar günü məktəbləri üçün nəzərdə tutulmuş tərbiyəvi ədəbiyyata satirik münasibətin nəticəsi kimi meydana çıxıb. XIX əsrdə ABŞ-da “ədəb və düzgün davranış ənənəsi”nə uyğun yazılmış uşaq kitabları olduqca populyar idi. Bu əsərlərdə itaətkar və nümunəvi uşaqlar mükafatlandırılır, nadinc və qayda pozanlar isə mütləq cəzalandırılırdı. Belə hekayələr bazar günü məktəblərində geniş şəkildə oxunurdu. Lakin Mark Tven bu cür ədəbiyyatı qeyri-səmimi hesab edir və ona etiraz edirdi. Buna görə də o, 1865-ci ildə “Pis oğlan haqqında hekayə”, beş il sonra isə “Yaxşı oğlan haqqında hekayə” adlı satirik əsərlər yazdı. Bu hekayələrdə ənənəvi sxem tamamilə tərsinə çevrilmişdi. Əxlaq qaydalarına məhəl qoymayan və qanunları pozan nadinc oğlan bütün işlərində uğur qazanırdı. Əksinə, nümunəvi davranış nümayiş etdirən, xeyirxah əməllər edən və itaətkarlığı ilə seçilən uşaq isə davamlı olaraq xoşagəlməz vəziyyətlərə düşürdü. Ədəbiyyatşünaslar bu iki hekayəni "Tom Soyerin Macəraları" romanının bir növ proloqu hesab edirlər. Çünki Tom Soyer də məhz öz fərdiliyini qorumağa çalışan, hər zaman “nümunəvi uşaq” olmaq məcburiyyətini qəbul etməyən və azadlıq hüququnu müdafiə edən bir qəhrəman kimi təqdim olunur. Onun macəraları vasitəsilə Mark Tven uşaqlığın təbii maraqlarını, sərbəstliyini və həyatsevərliyini tərənnüm edirdi.

Mark Tven məşhur "Tom Soyerin Macəraları" romanını həyatının ən ağır dövrlərindən birində qələmə almağa başlayıb. Yazıçının yeganə oğlu, bir yaş yarımlıq Lenqdon Klemens 1872-ci il iyunun 2-də difteriya xəstəliyindən vəfat edib. Bu faciədən sonra Mark Tven baş verənlərə görə özünü günahkar hesab edib. Onun xatirələrinə görə, bir dəfə oğlunu gəzintiyə çıxararkən fikrə dalmış və uşağın üzərindən xəz örtüyün sürüşüb düşdüyünü vaxtında görməmişdi. Yazıçı sonradan bu hadisənin oğlunun xəstələnməsinə səbəb ola biləcəyini düşünərək özünü qınayırdı.

Ağır itkinin yaratdığı kədərdən və vicdan əzabından uzaqlaşmaq üçün Mark Tven əvvəlcə ixtiraçılıqla məşğul oldu. O, yapışqan səhifələrdən ibarət olan və sonradan skrapbukinq albomu kimi tanınan bir albom növü hazırladı. Daha sonra isə diqqətini ədəbiyyata yönəltdi və ideal oğlan uşaqlığının təsvir olunduğu bir hekayə yazmağa başladı.

Məhz bu yaradıcılıq prosesi nəticəsində Tom Soyer obrazı meydana gəldi. Roman yazıçı üçün yalnız yeni bir ədəbi layihə deyil, həm də şəxsi faciənin yaratdığı ağrını yüngülləşdirmək və uşaqlığın sevinc dolu dünyasına qayıtmaq cəhdi idi. Buna görə də əsərdə uşaqlığın azadlığı, macəra həvəsi və həyat eşqi xüsusi yer tutur.