12 iyun 2026 15:33
99

Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri “Bakı KOB evi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar. 

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü genişmiqyaslı tədbirlərdən, Milli Qurtuluş Gününün tarixindən danışıblar. Qeyd olunub ki, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı siyasi xaos və müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb, sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırılıb. Həmçinin çıxışlarda Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişaf strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.

Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrup KOBİA əməkdaşına partiya vəsiqələri, eləcə də partiya fəaliyyətində fəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına YAP Nərimanov rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim edilib.