12 iyun 2026 16:26
180

Qurtuluşdan zəfərə gedən yol

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan zəfərə gedən yol” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında Milli Qurtuluş Gününün tariximizə qızıl hərflərlə yazılan, ölkəmizi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olduğunu vurğulayıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxarıb. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.

Partiya fəallarından Aysu Rəhimova, Rüfət Məmmədov və Nicat Heydərov çıxışlarında Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd edilib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmiş, eyni zamanda, möhtəşəm tarixi Zəfərimiz əldə edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur.

Tədbirin sonunda rayon təşkilatının fəaliyyətində xidmətlərinə görə fərqlənən üzvlərə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.