12 iyun 2026 16:53
100

Rusiya XİN vətəndaşlarını Taylanda səfərlərdən çəkinməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Tailand səfərləri zamanı ehtiyatlı olmağı tövsiyə edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, ABŞ-ın sorğuları əsasında saxlanılma və ya həbs olunma riski yüksək olaraq qalır.

XİN-in açıqlamasında qeyd olunur ki, rusiyalı turistlər arasında populyar olan və Rusiya ilə dost münasibətlər saxlayan Tailand ABŞ tərəfindən rusiyalıların təqib edildiyi ölkələrdən biri hesab edilir.

Diplomatlar xatırladıblar ki, Tailand ilə ABŞ arasında ekstradisiya (təhvilvermə) haqqında ikitərəfli müqavilə mövcuddur. Nazirliyin iddiasına görə, ABŞ xüsusi xidmət orqanları bəzi hallarda rusiyalıların saxlanılması əməliyyatlarını həyata keçirərkən yerli hakimiyyət orqanlarının mövqeyini nəzərə almırlar.

Bəyanatda həmçinin vurğulanır ki, saxlanılan şəxslər bəzən ABŞ xüsusi xidmət orqanları tərəfindən təzyiqlərlə və hədələrlə üzləşə bilirlər.

Rusiya XİN ABŞ hakimiyyət orqanları tərəfindən cinayət təqibi riski ilə üzləşə biləcəyini düşünən vətəndaşlara Tailanda həm turistik, həm də işgüzar məqsədlərlə səfər etməkdən çəkinməyi tövsiyə edib. Nazirlik həmçinin Tailand hava limanlarında tranzit keçidlərdən də mümkün qədər yayınmağı məsləhət görüb.