12 iyun 2026 20:15
104

Azərbaycanı qlobal enerji xəritəsində gücləndirən strateji layihə - TANAP-ın 8 ili

2026-cı il iyunun 12-də Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsinin 8 ili tamam olur. 2018-ci ildə istismara verilən və Cənub Qaz Dəhlizinin əsas həlqələrindən biri hesab olunan layihə ötən dövr ərzində Azərbaycanın enerji siyasətinin ən uğurlu təşəbbüslərindən birinə çevrilib. Rəsmi məlumatlara görə, TANAP vasitəsilə bu günədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql olunub. Bu rəqəmlər layihənin yalnız enerji infrastrukturu deyil, həm də iqtisadi, geosiyasi və strateji əhəmiyyətini ortaya qoyur.

Azərbaycanın qaz ixracında yeni mərhələ

TANAP-ın istifadəyə verilməsi Azərbaycanın qaz ixracı tarixində dönüş nöqtəsi hesab olunur. Uzun illər neft ixracatçısı kimi tanınan ölkə son onillikdə təbii qaz bazarında da mühüm oyunçuya çevrilib. Bu prosesin mərkəzində isə məhz TANAP dayanır. Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunan qazın Türkiyə və Avropa bazarlarına çatdırılması üçün yaradılan bu marşrut ölkənin ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. TANAP sayəsində Azərbaycan qazı əvvəlcə Türkiyəyə, daha sonra isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropanın müxtəlif ölkələrinə çatdırılır. Layihənin işə düşməsindən sonra Azərbaycan qazının ixrac həcmlərində sabit artım müşahidə olunub. Bu isə ölkəyə əlavə valyuta daxilolmaları təmin etməklə yanaşı, enerji sektorunun gəlirlərinin şaxələndirilməsinə də şərait yaradıb.

Türkiyənin əsas qaz təchizatçılarından biri

TANAP-ın ən mühüm nəticələrindən biri Azərbaycanın Türkiyə bazarında mövqelərinin güclənməsi olub. Son illərdə Azərbaycan Türkiyənin əsas təbii qaz təchizatçılarından birinə çevrilib. Enerji təhlükəsizliyinin qlobal gündəmdə ön plana çıxdığı bir dövrdə TANAP iki qardaş ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirib. Türkiyənin qaz təchizatının şaxələndirilməsi siyasətində Azərbaycan qazı mühüm yer tutur.

Rəsmi statistikaya görə, son 8 ildə TANAP vasitəsilə Türkiyəyə 39,3 milyard kubmetr qaz nəql edilməsi layihənin iqtisadi səmərəliliyini və uzunmüddətli perspektivini təsdiqləyir.

Avropanın enerji təhlükəsizliyində Azərbaycan amili

TANAP-ın əhəmiyyəti yalnız Türkiyə ilə məhdudlaşmır. Layihə Azərbaycanın Avropa enerji bazarına birbaşa çıxışını təmin edib. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxıb. Bir sıra Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan qazına xüsusi önəm verir. Bu baxımdan TANAP Avropanın enerji xəritəsində mühüm strateji arteriyaya çevrilib. Azərbaycanın qaz ixracı imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərib. Bu gün Azərbaycan beynəlxalq arenada yalnız enerji istehsalçısı deyil, həm də regional enerji təhlükəsizliyinin təminatçılarından biri kimi qəbul edilir.

Milyardlarla dollarlıq iqtisadi dividendlər

TANAP layihəsinin iqtisadi nəticələri də diqqətəlayiqdir. Qaz ixracından əldə olunan gəlirlər Azərbaycanın strateji valyuta ehtiyatlarının artırılmasına, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına və iri investisiya layihələrinin maliyyələşdirilməsinə mühüm töhfə verib. Enerji ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə və sosial proqramların maliyyələşdirilməsinə yönəldilib. Bundan əlavə, TANAP Azərbaycanın enerji layihələrinə beynəlxalq investorların marağını artırıb. Layihənin uğuru ölkənin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib və yeni enerji təşəbbüsləri üçün zəmin yaradıb.

Azərbaycanın geosiyasi çəkisini artıran layihə

Enerji layihələri təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. TANAP Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayıb. Bu layihə sayəsində Azərbaycan Avropa İttifaqı, Türkiyə və digər tərəfdaş ölkələrlə enerji sahəsində strateji əlaqələrini daha da genişləndirib. Enerji diplomatiyası ölkənin xarici siyasət alətlərindən birinə çevrilib.

Mütəxəssislər hesab edirlər ki, TANAP Azərbaycanın beynəlxalq qərar qəbuletmə proseslərində təsir imkanlarını artıran amillərdən biridir. Çünki enerji təhlükəsizliyi məsələləri bu gün qlobal siyasətin əsas istiqamətlərindən biri hesab olunur.

TANAP bu gün təkcə botu kəməri deyil…

TANAP-ın fəaliyyəti göstərir ki, Azərbaycan uzunmüddətli enerji strategiyasını uğurla həyata keçirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda təbii qazın keçid dövrünün əsas enerji mənbələrindən biri olaraq qalacağı gözlənilir. Bu isə TANAP-ın əhəmiyyətinin yaxın illərdə daha da artacağını deməyə əsas verir. Xüsusilə Avropada qaz tələbatının qorunub saxlanılması və yeni bazarların açılması Azərbaycanın ixrac potensialını genişləndirə bilər.

Səkkiz il əvvəl istifadəyə verilən TANAP bu gün təkcə boru kəməri deyil, Azərbaycanın iqtisadi gücünü, enerji diplomatiyasını və beynəlxalq nüfuzunu simvolizə edən strateji layihələrdən biri kimi qiymətləndirilir. Layihənin nəticələri göstərir ki, TANAP ölkəyə milyardlarla kubmetr qaz ixracı ilə yanaşı, daha güclü iqtisadi mövqe, daha geniş geosiyasi imkanlar və qlobal enerji bazarında daha yüksək status qazandırıb.

Orxan Vahidoğlu, “İki sahil”