13 iyun 2026 11:53
99

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Bolqarıstanın energetika naziri İva Petrova Azərbaycanın bu ölkədəki səfiri Elmar Məmmədov ilə görüşündə iki dövlət arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, görüş zamanı tərəflər Xəzər regionundan Avropaya uzanan yaşıl enerji dəhlizinin inkişafı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstana və region ölkələrinə təbii qaz tədarükünün artırılması imkanları, eləcə də Azərbaycanın Bolqarıstana mümkün investisiyaları barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı enerji təhlükəsizliyinin iqtisadi və milli təhlükəsizliklə birbaşa əlaqəli olduğu vurğulanıb. Qeyd edilib ki, enerji sahəsində uğurlu tərəfdaşlığın əsasını ölkələr arasında qarşılıqlı etimad və siyasi iradə təşkil edir.

Tərəflər xatırladıblar ki, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd olunub. Bu müddət ərzində enerji sektoru iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstana çatdırılması və enerji əlaqələrinin genişlənməsi tərəflərin enerji təhlükəsizliyi və regional bağlantılarla bağlı ortaq baxışını formalaşdırıb.

Görüşdə xüsusi diqqət yaşıl enerji dəhlizi layihəsinə yönəldilib. Bildirilib ki, layihə 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən irəli sürülən təşəbbüs əsasında formalaşdırılıb. Layihənin məqsədi Xəzər regionunda istehsal olunan bərpaolunan enerjinin Avropaya ötürülməsi və iki region arasında elektrik enerjisi ticarətinin genişləndirilməsidir.

Məlumatda qeyd olunur ki, 2026-cı il mayın 22-də İstanbulda keçirilmiş üçüncü nazirlər görüşündə Azərbaycan, Bolqarıstan, Türkiyə və Gürcüstan nümayəndələri layihənin həyata keçirilməsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan ilə Bolqarıstan arasında enerji əməkdaşlığının genişlənməsi təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regionlararası enerji bağlantılarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.