Almaniya NATO çərçivəsində Avropanın ən güclü konvensional silahlı qüvvələrini formalaşdırmağı planlaşdırdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" Almaniyanın ABŞ-dakı səfiri Yens Hanefeldin bəyanatına istinadən xəbər verib.
Səfir qeyd edib ki, Almaniya Avropanın təhlükəsizliyinin təmin olunmasında daha böyük rol oynamağa və daha çox məsuliyyət daşımağa hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə qitədə təhlükəsizliklə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olub.
"Almaniya üzərinə düşən öhdəlikləri artırır", – deyə Yens Hanefeld Fox News-a müsahibəsində bildirib. O vurğulayıb ki, NATO daxilində Avropanın ən güclü konvensional ordusunun qurulması Almaniyanın uzunmüddətli strateji məqsədlərindən biridir.
Məlumata əsasən, bu addım İkinci Dünya müharibəsindən sonra hərbi sahədə daha ehtiyatlı siyasət yürüdən Almaniya üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Berlin uzun müddət ABŞ-ın təhlükəsizlik təminatlarına arxalanıb və NATO-nun müdafiə xərcləri üzrə müəyyən etdiyi hədəflərə tam əməl etmədiyinə görə Vaşinqtonun tənqidləri ilə üzləşib.
Mütəxəssislərin fikrincə, Almaniyanın müdafiə sənayesini gücləndirməsi və hərbi potensialını artırması NATO-nun gələcək təhlükəsizlik strategiyasının formalaşmasında əhəmiyyətli rol oynaya bilər.