16 iyun 2026 12:48
96

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

"Ümumi təhsil haqqında" Qanunda dövlət siyasətinin millilik və dünyəvilik prinsipləri əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Belə ki, qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən komitə sədri Anar İsgəndərov deyib.

O bildirib ki, həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur.