16 iyun 2026 13:20
100

DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Vergi Administrasiyaları rəhbərlərinin 1-ci görüşü keçirilib. “İki sahil” xəbər verir ki, Azərbaycanı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin açılışında çıxış edən TDT Baş katibinin müavini Merey Mukajan bildirib ki, ilk görüş üzv dövlətlərin ortaq baxışının praktik əməkdaşlıq mexanizmlərinə çevrilməsi istiqamətində vacib addımdır. Merey Mukajan modern vergi idarəçiliyində rəqəmsallaşma və süni intellekt texnologiyalarının artan rolunu qeyd edərək, bu sahədə birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkib. Tədbir çərçivəsində Macarıstan tərəfi Milli Vergi və Gömrük Administrasiyasında süni intellekt həllərinin tətbiqi sahəsində əldə olunan təcrübəni iştirakçılarla bölüşüb.

DVX-nin rəisi Orxan Nəzərli qlobal iqtisadiyyatın sürətlə dəyişən çağırışlarının vergi sistemlərindən daha çevik və innovativ yanaşmalar tələb etdiyini vurğulayıb. Orxan Nəzərli Azərbaycanda həyata keçirilən vergi islahatları və rəqəmsal transformasiya prosesi barədə təqdimat edərək bildirib ki, risk əsaslı vergi inzibatçılığı modelinin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və nağdsız hesablaşmaların təşviqi nəticəsində iqtisadi fəaliyyətin şəffaflığı artıb, könüllü əməletmə səviyyəsi yüksəlib. DVX rəisi innovasiyaların uğurlu tətbiqində insan kapitalının həlledici rol oynadığını və vergi ödəyicilərinin etimadının əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Görüşün yekununda iştirakçı ölkələrin vergi administrasiyalarının rəhbərləri tərəfindən əməkdaşlığın gələcək inkişaf istiqamətlərini əks etdirən Birgə Kommunike imzalanıb. 

Səfər çərçivəsində DVX rəisi Orxan Nəzərli Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayrakdar və Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbərinin müavini Şila Tamaş ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.