Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
“İki sahil” xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.
İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:
- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısı;
- bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi;
- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası;
İqtisadiyyat Nazirliyi həmçinin fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-nə qədər qüvvədədir.
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib - Mikayıl Cabbarov
Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib