16 iyun 2026 15:18
101

Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib - Mikayıl Cabbarov

Bu gün investorlara təkcə imkanlar deyil, həm də layihələrin sürətli və səmərəli şəkildə həyata keçirilə biləcəyi platformalar lazımdır. Sənaye parkları və Ələt Azad İqtisadi Zonası da daxil olmaqla iqtisadi zonalarımız müasir infrastruktur, rəqabətqabiliyyətli güzəştlər və ixracyönümlü, yüksək əlavə dəyər yaradan sənaye sahələri üçün əlverişli şərait təklif edir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, yeni Ələt yük hava limanına yaxınlığı və Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi sayəsində strateji investisiya mərkəzi kimi formalaşır.

“Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib. Beynəlxalq investorlarla tərəfdaşlıq çərçivəsində Azərbaycan Avropa bazarları ilə yaşıl enerji bağlantısını gücləndirməyə yönəlmiş “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihələri də daxil olmaqla, iri regional təşəbbüsləri icra edir. Azərbaycan iqtisadiyyatın bütün sahələrində rəqəmsal transformasiyanı sürətləndirmək, startapların inkişafını dəstəkləmək, kiçik və orta biznesin rəqəmsal bazarlara çıxışını genişləndirmək və ölkənin rəqəmsal bacarıqlarını gücləndirmək məqsədilə hərtərəfli rəqəmsal gündəlik həyata keçirir. Gənc, yaxşı təhsil almış və yüksək uyğunlaşma qabiliyyətinə malik insan kapitalı ilə birlikdə rəqəmsal transformasiya, istedad və innovasiya potensialının bu vəhdəti yalnız xərclərin səmərəliliyini deyil, həm də məhsuldarlığı və uzunmüddətli rəqabət qabiliyyətini hədəfləyən investorlar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir”, - deyə nazir qeyd edib.