16 iyun 2026 16:54
97

"OpenAI"nın xərcləri 34 milyard dollara yüksəlib

"OpenAI" şirkəti ötən il planlaşdırılan ilkin kütləvi səhm təklifi (IPO) hazırlıqları çərçivəsində ümumilikdə 34 milyard ABŞ dolları xərcləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times şirkətin maliyyə sənədlərinə istinadla məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə OpenAI təxminən 19 milyard dolları tədqiqat və yeni texnologiyaların hazırlanmasına, 6 milyard dolları isə marketinq və satışların təşviqinə sərf edib.

İyunun 8-də OpenAI ABŞ tənzimləyici qurumlarına IPO üçün müraciət təqdim edib, lakin səhmlərin birjada yerləşdirilməsinin dəqiq tarixini açıqlamayıb. Reuters agentliyinin məlumatına görə, şirkət 2026-cı ilin sentyabr ayında birjaya çıxa bilər. Qeyri-rəsmi məlumatlara əsasən, OpenAI IPO vasitəsilə 60 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.

FT qeyd edir ki, şirkətin xərcləri əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu artım OpenAI-nin məlumat emalı mərkəzlərinin (data mərkəzlərinin) inkişafına və süni intellekt sahəsində aparıcı tədqiqatçıların cəlb edilməsinə böyük sərmayələr yatırdığını göstərir.

Şirkətin 2025-ci il üzrə gəlirləri təxminən 13 milyard dollar təşkil edib. Lakin xərclərin sürətli artımı nəticəsində xalis zərər də kəskin yüksəlib.