Zərərsiz hesab edilən, amma dəriyə ziyan vuran qulluq rutinləri
Yay aylarında günəş şüalarının təsirinin artması ilə dəri ləkələri daha qabarıq görünməyə başlayır. Bu dövrdə bir çox insanlar daha sürətli nəticə əldə etmək üçün müxtəlif dəriyə qulluq vasitələrini eyni anda istifadə etməyə üstünlük verirlər. Lakin mütəxəssislərin sözlərinə görə, zərərsiz görünən bəzi tətbiqlər dəri baryerini zədələyərək qıcıqlanmaya, həssaslığın artmasına və ləkələrin daha da tündləşməsinə səbəb ola bilər.
Türkiyəli dermatoloq, dosent Zeynəb Altan Fərhatoğlu yay fəsli ərzində dəriyə qulluq zamanı diqqət edilməli məqamlarla bağlı məlumat verib. Onun sözlərinə görə, iyun ayında ultrabənövşəyi (UV) indeksin nəzərəçarpacaq dərəcədə yüksəlməsi ilə dəridəki melanosit adlanan piqment hüceyrələri daha aktiv fəaliyyət göstərməyə başlayır: “Xüsusilə UVA şüaları dərinin daha dərin qatlarına nüfuz edərək melaninin istehsalını artırır. Qış aylarında nəzərə çarpmayan və ya zəif görünən piqment yığıntıları bu dövrdə daha aydın görünür. Həmçinin temperaturun yüksəlməsi, tərləmə, sürtünmə və dəridə yaranan iltihabi proseslər mövcud ləkələrin tündləşməsinə səbəb ola bilər.”
Dosent Zeynəb Altan Fərhatoğlu qeyd edib ki, yay aylarında daha tez nəticə əldə etmək istəyən insanlar eyni vaxtda bir neçə serum, turşu və retinol tərkibli məhsuldan istifadə etməyə başlayırlar: “Bu yanaşma dəri baryerinin pozulmasına və günəşə qarşı daha çox həssaslıq yaranmasına səbəb ola bilər. Nəticədə dəridə qıcıqlanma, ləkələrin tündləşməsi və yeni piqmentasiya problemləri meydana çıxır. Xüsusilə yüksək faizli AHA və BHA turşularının retinol və ya retinal tərkibli məhsullarla nəzarətsiz şəkildə birlikdə istifadəsinin yay mövsümündə ciddi problemlərə yol aça bilər. Dəriyə qulluq zamanı daha çox məhsul istifadə etmək hər zaman daha yaxşı nəticə demək deyil. Əsas məsələ düzgün tərkibli məhsulları doğru zamanda və düzgün şəkildə tətbiq etməkdir.”
Təbii üsullar da təhlükə yarada bilər
Mütəxəssisin sözlərinə görə, limon, soda, alma sirkəsi və ya diş məcunu ilə aparılan “təbii müalicələr” elmi baxımdan təsdiqlənməyib. Əksinə, bu üsullar ciddi qıcıqlanmaya səbəb olaraq ləkələrin daha da tündləşməsinə gətirib çıxara bilər. Xüsusilə limon suyu tətbiq olunduqdan sonra günəşə çıxmaq fitofotodermatit adlanan ciddi dəri reaksiyalarına yol aça bilər.
Dosent bildirib ki, bəzi piqment dəyişiklikləri yalnız estetik problem hesab edilməməlidir: “Qəfil yaranan, sürətlə böyüyən, rəngi dəyişən və ya qeyri-müntəzəm sərhədlərə malik ləkələr mütləq dermatoloji müayinə tələb edir. Xüsusilə asimmetriya, qanama, qaşınma və sürətli böyümə kimi əlamətlər varsa, gecikmədən dermatoloqa müraciət edilməlidir.”
Fərhatoğlunun sözlərinə görə, bəzi araşdırmalar mavi işığın xüsusilə melazmaya meyilli şəxslərdə piqmentasiyanı artıra biləcəyini göstərir: “Burada əsas məsələ yalnız telefon və kompüter ekranları deyil, ümumilikdə görünən işığa məruz qalma və şəhər həyatının yaratdığı oksidativ stresdir. Bu səbəbdən ləkələrə meyilli şəxslər üçün dəmir oksid tərkibli rəngli günəş qoruyucuları faydalı ola bilər.”
Dosent vurğulayıb ki, dəri sağlamlığı yalnız istifadə olunan kosmetik vasitələrdən asılı deyil: “Həddindən artıq şəkərli qidaların qəbulu, tütün məmulatlarının istifadəsi, xroniki stress və nizamsız yuxu dəridə oksidativ stresi artıraraq piqmentasiya problemlərinin daha qabarıq görünməsinə səbəb ola bilər. Xüsusilə melazma kimi xroniki ləkə problemlərində həyat tərzi faktorları müalicənin uğuruna birbaşa təsir göstərir.”
Yay ayları üçün əsas tövsiyələr
Mütəxəssisin sözlərinə görə, yay mövsümündə dəriyə qulluq rutininin mürəkkəb olmasına ehtiyac yoxdur. Zərif təmizləyici vasitə, antioksidant tərkibli serum, geniş spektrli SPF 50+ günəş qoruyucusu və dəri baryerini gücləndirən nəmləndirici vasitədən istifadə etmək kifayət edir. Niasinamid, C vitamini, azelain turşusu, seramid və hialuron turşusu kimi maddələrin yay aylarında təhlükəsiz şəkildə istifadə oluna biləcəyi qeyd edilir.
Mütəxəssis xatırladıb ki, ləkələrin qarşısını almaq onları sonradan müalicə etməkdən daha asandır. Buna görə də müntəzəm günəş qoruyucusundan istifadə etmək, papaq və gün eynəyindən yararlanmaq, günün ən isti saatlarında günəşdən uzaq qalmaq və aktiv maddələri nəzarətsiz şəkildə tətbiq etməmək mühüm əhəmiyyət daşıyır: “Günəş həyatımızın ayrılmaz hissəsidir, lakin dərimizi qorumaq üçün onunla aramızda müəyyən məsafə saxlamalıyıq.”
Şahnigar Əhmədova, “İki sahil”