Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aparat rəhbəri Mohammed Abdikerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. “İki sahil” xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə miqrasiya siyasətinin təkmilləşdirilməsi, əmək bazarının idarə olunması və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində aparılan işlər barədə məlumat verib. Ölkəmizdə miqrantların və ailə üzvlərinin hüquqlarının qorunmasının təmin edildiyi, son illər əmək və məşğulluq sahələrində aparılan islahatlar diqqətə çatdırılıb. Nazirliklə BMqT arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, icra olunan birgə layihələrin önəmi qeyd edilib. 2022-ci ildə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə BMqT-nin Azərbaycan Nümayəndəliyi arasında imzalanan əməkdaşlıq sənədinin münasibətlərin inkişafında daha bir mühüm addım olduğu bildirilib.
Mohammed Abdiker birgə fəaliyyət istiqamətlərində aparılan davamlı işlərdən məmnunluğunu, əməkdaşlığın getdikcə genişlənməkdə olduğunu qeyd edib. Görüşdə əmək miqrasiyası, bu sahədə məlumat bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, miqrantlarla sosial iş xidmətinin inkişafı və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.