Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Efiopiya Federativ Demokratik Respublikasının Birinci xanımının Ofisi arasında sosial cəhətdən həssas qruplara aid şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, Sənədin imzalanması üçün keçirilən onlayn görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycanla Efiopiya arasında münasibətlərinin inkişafını, əməkdaşlığın sosial sahəni də əhatə etməsinin önəmini qeyd edib. O, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Müəssisədə əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.
Mərkəzin Bakının ev sahibliyi etdiyi COP29, WUF13, habelə müxtəlif ölkələrdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə də inklüziv yaradıcılıq nümunələrini dünyaya nümayiş etdirdiyi qeyd olunub. Ölkəmizin inklüziv yaradıcılıq və inkişaf təcrübəsini bu gün efiopiyalı tərəfdaşlarımızla da bölüşməyə hazır olduğumuz, yeni Anlaşma Memorandumunun bu istiqamətdə önəmli addım olduğu bildirilib.
Efiopiyanın Birinci xanımının Ofisinin direktoru xanım Menbere Gebreal ikitərəfli əlaqələrin inkişafı üçün aparılan işlərdən məmnunluğunu bildirib. O, Ofis tərəfindən həssas qruplarla bağlı görülən işlərə dair məlumat verib. Bu görüşün ikitərəfli əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətini vurğulayıb. Sonra Hidayət Abdullayev və xanım Menbere Gebreal qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ikitərəfli əməkdaşlığın inkişafı üçün çərçivənin yaradılması məqsədi daşıyan Anlaşma Memorandumunu imzalayıblar.
Sənəddə həssas qrupların yaradıcılıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üçün xidmətlərin inkişafı, xüsusi qayğıya ehtiyac duyan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası məqsədilə proqramların hazırlanması və həyata keçirilməsi, bu kateqoriyaya aid şəxslərlə işləyən müəllim və mütəxəssislər üçün təlim, ixtisasartırma və tədris proqramlarının hazırlanması, həssas qruplar üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş qanunvericilik təşəbbüsləri üzərində işin aparılması və s. sahələr üzrə əməkdaşlıq istiqamətləri əksini tapır.
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib