22 iyun 2026 18:46
135

Siyasi sabitlikdən hərbi qüdrətə: Qalib ordumuzun şanlı tarixi

Azərbaycan Ordusunun keçdiyi yol milli qürurumuzun, əyilməz ruhumuzun və müstəqilliyimizi, suverenliyimizi qorumaq əzminin bariz nümunəsidir

Azərbaycan Ordusunun tarixi mübarizə, fədakarlıq və sarsılmaz Vətən sevgisi üzərində qurulmuş şanlı bir yolun təcəssümüdür. Bu ordu təkcə silah yolu ilə deyil, milli ruhu, mənəvi dəyərləri və xalq-ordu birliyi ilə tarix yazan qalib ordudur. Qalib ordumuzun keçdiyi imkişaf yoluna nəzər salsaq görərik ki, silahlı qüvvələrimiz milli qürurumuzun, əyilməz ruhumuzun və müstəqilliyimizi, suverenliyimizi qorumaq əzminin bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olaraq xalqımızın dövlətçilik tarixində özünəməxsus rol oynadı və yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Lakin AXC Rusiya imperiyası tərəfindən ilhaq edildikdən sonra hərbi nazirlik ləğv olundu və ordu quruculuğu prosesi başa çatdırıla bilmədi.

Azərbaycanın müasir hərbi tarixi və Silahlı Qüvvələrinin formalaşması prosesi Ümummilli Lider Heydər Əliyevin adı və strateji fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Ulu Öndərin həm SSRİ dövründəki uzaqgörən addımları, həm də müstəqillik illərindəki qətiyyətli islahatları bugünkü qüdrətli və Zəfər qazanmış Azərbaycan Ordusunun fundamental bünövrəsini təşkil edir. Ümummilli Liderin 1969–1982-ci illəri əhatə edən birinci rəhbərliyi dövründə Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri dövlətin hərbi kadr potensialını düşünməsi idi. Sovet İttifaqı rəhbərliyinin yerli xalqlardan hərbi kadrların yetişdirilməsinə loyal yanaşmadığı bir dövrdə Ulu Öndər Heydər Əliyev böyük diplomatik və siyasi iradə nümayiş etdirərək 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Litseyin açılmasına nail oldu. Bu məktəb azərbaycanlı gənclərin hərb sənətinə marağını kəskin artırdı. Birinci və İkinci Qarabağ müharibələrində ordumuza rəhbərlik edən milli zabitlərin, generalların böyük əksəriyyəti məhz bu məktəbin yetirmələridir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi və bu, çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı sahəsində də problemlər vardı. Bir sözlə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkədə vahid komandanlığa tabe olan nizami ordu yox idi. Cəbhədəki uğursuzluqların əsas səbəbi də məhz Silahlı Qüvvələrin siyasiləşməsi və ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi idi. Ulu Öndər ilk növbədə qanunsuz silahlı birləşmələri və könüllü batalyonları ləğv edərək, onları vahid Müdafiə Nazirliyinin tabeçiliyi altında birləşdirdi. Çox qısa müddətdə cəbhədə nizam-intizam bərpa olundu və 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində uğurlu Horadiz əməliyyatı ilə onlarla yaşayış məntəqəsi işğaldan azad edildi. 1994-cü ildə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Bu, azərbaycanlı zabitlərin beynəlxalq təlimlərdə iştirakına və müasir hərbi doktrinaları mənimsəməsinə şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Həmin illərdə keçmiş sovet hərbi məktəbləri yenidən qurulurdu. Müdafiə Nazirliyi sistemində ali hərbi kadrlar hazırlayan məktəblər müasirləşdirildi. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı. Bu akademiya ordunun operativ-taktiki və strateji səviyyəli ali zabit kadrlarına olan tələbatını daxili imkanlar hesabına ödəməyə imkan verdi. Uzaqgörən lider Azərbaycan Ordusunu qapalı sistemdən çıxararaq qabaqcıl dünya təcrübəsi ilə inteqrasiya etdirdi.

Ulu Öndərin formalaşdırdığı nizam-intizamlı, vətənpərvər və güclü ordu sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən müasir texnologiyalar və iqtisadi güclə birləşdirilərək 2020-ci ilin tarixi Zəfərini təmin edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə çevrildi. Məhz buna görə də, müasir Azərbaycan Ordusunun hər bir uğurunun kökündə Heydər Əliyevin hərbi dühası və strateji mirası dayanır.

Silahlı Qüvvələrimizin gücləndirilməsi və bütün qoşun növlərinin döyüş hazırlığının yüksəldilməsi Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi məsələdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır. Dünyanın qabaqcıl hərbi sənaye komplekslərinin istehsalı olan silah və texnikalar ordumuzun arsenalına daxil edilib. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəş və hava hücumundan müdafiə sistemləri, taktiki-raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları qoşunlarımızın silahlanmasında yer alıb.

2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatı zamanı müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Əməliyyat zamanı düşmənin təmas xəttinin dərinliyindəki artilleriya, reaktiv və minaatan batareyalarına atəş zərbələri endirməklə ona böyük itkilər verildi. Uğurlarımızın sırasında Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da xüsusi yer tutmaqdadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqeyini daha da gücləndirdi və işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin həyata keçirdiyi hərbi təxribatın qarşısının layiqincə alınması isə göstərdi ki, Azərbaycan Ordusu tarixi missiyasını yerinə yetirməyə hazır və qadirdir.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Bu tarixi Qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaət ilə qazanıldı. Azərbaycan xalqı öz gücünü və birliyini sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində 30 illik həsrətə son qoydu. Biz öz tarixi torpaqlarımıza alnıaçıq, üzüağ və zəfər bayrağı ilə qayıtdıq.

2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Bir çox hadisələrin, unudulmayan anların şahidi olan Azadlıq meydanında keçirilən parad düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan güclü dövlətdir və onun qüdrətli ordusu vardır.

2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". Dövlətimizin başçısının söylədiyi fikirlər Zəfər paradında öz təsdiqini tapdı.

Bütün bunlara baxmayaraq təxribatlar davam edirdi. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində bölgədə antiterror əməliyyatı keçirildi. Erməni separatçıları cəmi 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağ iqtisadi rayonunda məskunlaşan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və antiterror əməliyyatı dayandırıldı. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sözləri hər bir azərbaycanlıya könül xoşluğu yaşadır: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq; onlar bizim qabağımızda diz çöküblər və bundan sonra bu damğa ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Uğurla həyata keçirilən bu strategiya Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərinin daha yüksək səviyyəyə qaldırılmasını təmin edərək ölkəmizin müdafiə qabiliyyətini daha da artırır.

Sevinc Azadi, “İki sahil”