Nikol Paşinyan növbəti dəfə radikal müxalifətin sülh prosesinə qarşı təbliğatını sərt tənqid edib. O, bildirib ki, bütün bunlar ölkəni sonsuz münaqişə məntiqinə qaytarmağa çalışan “üçbaşlı müharibə koalisiyası” – Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Koçaryan tərəfindən həyata keçirilir. Paşinyanın fikrincə, bu gün dövlət üçün yeganə təhlükə mənbəyi ölkə daxilindəki məhz bu revanşist qüvvələrdir.
Nikol Paşinyan bildirib ki, bugünkü Ermənistan ən böyük uğurlu layihədir: “Bəzi insanların (daxili radikal qüvvələrin) məhv etmək istədiyi layihə budur. Məhv etmək istəyənləri isə məhv gözləyir - birmənalı şəkildə, güzəştsiz, qeyd-şərtsiz”. O, əlavə edib ki, baş nazir olduğu müddətdə onları məhv edəcək, hədəfə alacaq: “Açıq deyirəm: kaluqalı oliqarxı, belaruspərəst oliqarxı və Robert Koçaryanı əzəcəyəm”. Ermənistan hökumətinin başçısı son seçkiləri rüşvətlə saxtalaşdırmağa çalışanların növbəti parlament seçkilərinə qədər həbsdə olacaqlarını vurğulayıb. Özü də Paşinyan bunu əminliklə bəyan edib: “Əgər Ermənistan vətəndaşları arasında bizim kursumuzla razılaşmayan insanlar varsa, sizi bu gün küçələrə çıxmağa, ölkədə inqilab etməyə və hökuməti dəyişdirməyə çağırıram, əks halda, bu prosesi dayandırmaq mümkün deyil”. Amma fakt budur ki, Ermənistan müxalifətinin hakimiyyətə qarşı küçə mübarizəsinə başlamaq üçün potensialı yoxdur. Yəni, müxalifətin ətrafında geniş xalq dəstəyi yoxdur, buna görə də mitinq keçirə bilmir. Şübhəsiz, Paşinyan bu sözlərlə artıq sadə ermənilərin revanşistləri dəstəkləmədiklərini dilə gətirib. Ermənistan parlamentindəki “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, müharibə tərəfdarı olan “üçbaşlı müxalifət” darmadağın olunub, onlar parlamentdə də darmadağın ediləcək.
Yeri gəlmişkən, Ermənistan Mərkəzi Seçki Komissiyası “Ermənistan” blokunun lideri Robert Koçaryana qarşı cinayət işinin açılmasına razılıq verib. Məlumata görə, Robert Koçaryan məsələsində söhbət yeni cinayət işindən gedir. Q. Sarukyanın da ölkədən çıxışına artıq qadağa qoyulub. Bu qərar ona qarşı vergidən yayınma ittihamı üzrə açılmış cinayət işi ilə əlaqələndirilir. Sarukyan İstintaq Komitəsinə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb. “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olmuş 4 nəfər seçkiqabağı rüşvət paylanması ilə bağlı cinayət işləri üzrə axtarışa verilib. Xatırladaq ki, seçki kampaniyası zamanı baş nazir Nikol Paşinyan dəfələrlə Robert Koçaryan, Qaqik Sarukyan və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Bu prosesdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da unudulmayıb. Bu məqamda Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryanın bu sözlərini xatırlatmaq yerinə düşər: “Koçaryan özünü “güclü oğlan” kimi göstərirdi, Sarukyan “şir” kimi davranırdı, Karapetyan da böyük vədlər verirdi. Amma bu gün gizlənmək üçün siçan deşiyi axtarırlar”.
Yeri gəlmişkən, müxalifət də öz bildiyini etməkdədir. Belə ki, Ermənistandakı müxalif siyasi qüvvələr seçkilərin nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət ediblər. Məlumata görə, müraciətlərdə seçkilərlə bağlı verilən qərarın və seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və ya ikinci turun təyin olunması tələb edilib. Konstitusiya Məhkəməsi 21 iyun 2026-cı il tarixli iclasında “Güclü Ermənistan” Partiyaları Alyansının, “Birlik Qanadları” Partiyasının, “Demokratiya Hüquq və İntizam” Partiyasının, “Çiçəklənən Ermənistan” Partiyasının, “Respublika Naminə Demokratiya Müdafiəçiləri Alyansı” Partiyasının, “Ermənistan” Partiyaları Alyansının və “Yeni Qüvvə” İslahatçı Partiyasının Mərkəzi Seçki Komissiyasının 14 iyun 2026-cı il tarixli 259-A saylı “Ermənistan Respublikası Milli Məclisinin 7 iyun 2026-cı il tarixli növbəti seçkilərinin nəticələrinin yekunlaşdırılması haqqında” qərarı ilə bağlı mübahisə üzrə ərizələrinə əsasən işləri baxılmaq üçün qəbul edib.
Digər bir məlumata görə, “Güclü Ermənistan” Partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyan baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılması təklifi ilə çıxış edib. Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, “Daşnaksütyun” Partiyası, “Milli Birlik” Partiyası və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası rusiyalı oliqarxın əməkdaşlıq təklifini dəstəkləyib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Qvami Məhəbbətoğlu, “İki sahil”