23 iyun 2026 10:15
93

Süni intellektin empatiyası reallıqdır, yoxsa illüziya?

Bir qrup tədqiqatçı süni intellektlə bağlı mühüm bir yanlış anlaşılmanın yaranmaq təhlükəsi barədə xəbərdarlıq edib. Onların fikrincə, süni intellektin nümayiş etdirdiyi yüksək səviyyəli intellektlə onun həqiqətən şüura sahib olması arasında aydın fərq qoyulmalıdır.

Kanadanın Monreal və ABŞ-ın Johns Hopkins Universitetlərinin alimləri tərəfindən hazırlanan yeni məqalədə qeyd olunur ki, süni intellekt sistemləri çox axıcı danışa və insanlara empatiya nümayiş etdirirmiş kimi görünə bilər. Bu isə bəzi insanlarda həmin sistemlərin deyilənləri həqiqətən anladığı və şüurlu şəkildə qavradığı təəssüratı yaradır. Lakin tədqiqatçılar vurğulayırlar ki, hər hansı sistem ağıllı davranış nümayiş etdirsə və insanların emosiyalarına uyğun inandırıcı cavablar versə belə, bu, onun həqiqətən baş verənləri anladığı, qayğı göstərdiyi və ya daxili təcrübəyə malik olduğu anlamına gəlmir.

Mütəxəssislərin fikrincə, “ChatGPT” və “Claude” kimi süni intellekt əsaslı söhbət botları daha da inkişaf etdikcə və insanlar şəxsi, emosional mövzularda onlara daha çox müraciət etdikcə, bu fərqin düzgün başa düşülməsi xüsusi əhəmiyyət daşıyacaq. Araşdırmada, həmçinin “kor baxış” (blindsight) adlanan nevroloji fenomenə də diqqət çəkilir. Bu vəziyyətdə beynin görmə ilə bağlı əsas hissəsi zədələnmiş insanlar görmə sahələrinin müəyyən hissəsində heç nə görmədiklərini bildirsələr də, ətraflarında baş verən hadisələri müəyyən qədər düzgün təxmin edə bilirlər. Bu hal onu göstərir ki, insan müəyyən məlumatları emal edər, lakin həmin məlumatları şüurlu şəkildə təcrübədən keçirməyə bilər.

Araşdırmanın həmmüəlliflərindən biri, Monreal Universiteti və McGill Universiteti Sağlamlıq Mərkəzi ilə əməkdaşlıq edən psixologiya üzrə postdoktoral tədqiqatçı Vanessa Hadid bildirib ki, kor görmə sindromu olan şəxs görmə təcrübəsi yaşamadan vizual məlumatlara düzgün reaksiya verə bilir. Müəlliflərinin sözlərinə görə, bu cür şüurlu təcrübənin kompüter sistemlərində mümkün olub-olmaması hələlik məlum deyil. Hazırda isə süni intellektin həqiqətən şüura sahib olduğunu göstərən heç bir elmi sübut yoxdur.

Monreal Universitetinin professoru və Mila-Kvebek Süni İntellekt İnstitutunun tədqiqatçısı Karim Jerbi bildirib ki, mövcud süni intellekt sistemləri heç nə hiss etmir və şüurlu təcrübəyə malik deyillər. Onun sözlərinə görə, süni intellekt nə qədər axıcı danışsa və insanların emosiyalarına qarşı nə qədər həssas görünməyə çalışsa, insanların bunu unutması bir o qədər asan olur.

“Süni İntellekt şüurunun illuziyası: İnsanın şüuraltı prosesindən dərslər (The illusion of AI consciousness: Lessons from human unconscious processing)” adlı araşdırma neyroelm sahəsində fəaliyyət göstərən “The Transmitter” platformasında dərc olunub.

Şahnigar Əhmədova, “İki sahil”