23 iyun 2026 11:56
166

“Bir pəncərə” prinsipi QHT sektorunda ədalətli rəqabəti gücləndirəcək - Nadir Azəri

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində tətbiq edilən “bir pəncərə” prinsipi və bu istiqamətdə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni qaydalar vətəndaş cəmiyyəti sektorunda yeni və daha şəffaf bir mərhələnin başlanğıcıdır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

Artıq QHT-lərin dövlət maliyyələşməsi ilə bağlı proseslər vahid koordinasiya çərçivəsində həyata keçiriləcək

Nadir Azəri qeyd edib ki, uzun illər ərzində müxtəlif dövlət qurumları tərəfindən QHT-lərin maliyyələşdirilməsi prosesi ayrı-ayrı mexanizmlərlə həyata keçirilirdi: “Bu isə bəzi hallarda eyni və ya oxşar məzmunlu layihələrin müxtəlif dövlət qurumlarından maliyyə almasına şərait yaradırdı. Nəticədə dövlət vəsaitlərinin səmərəli bölgüsü baxımından müəyyən problemlər yaranır, eyni zamanda, daha keyfiyyətli və innovativ layihələr hazırlayan bəzi QHT-lər ayrı-ayrı sahələr üzrə dövlət qurumları tərəfindən keçirilən müsabiqələrdə “uğur qazana” bilmirdilər. Yeni mexanizmin ən mühüm üstünlüklərindən biri məhz bu halların qarşısının alınmasıdır. Artıq QHT-lərin dövlət maliyyələşməsi ilə bağlı prosesləri vahid koordinasiya çərçivəsində həyata keçiriləcək, maliyyələşdirilən layihələr üzrə ümumi məlumat bazası formalaşacaq və dövlət vəsaitlərinin təkrarlanan istiqamətlərə yönəldilməsi minimuma endiriləcək”.

Yeni maliyyələşmə modeli vətəndaş cəmiyyətinin inkişafı
istiqamətində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir

CASCFEN sədri qeyd edib ki, bu qərar təkcə maliyyə intizamının gücləndirilməsi deyil, həm də QHT sektorunda ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni sistem layihələrin şəxsi münasibətlərə və ya subyektiv yanaşmalara deyil, daha çox keyfiyyətinə, aktuallığına, nəticəyönümlülüyünə və dövlət prioritetlərinə uyğunluğuna əsasən qiymətləndirilməsinə imkan yaradacaq.
N.Azərinin sözlərinə görə, xüsusilə layihələrin ekspertiza meyarlarının təkmilləşdirilməsi, onların dövlət siyasətinə, strateji sənədlərə və milli inkişaf hədəflərinə töhfəsinin ayrıca qiymətləndirilməsi vətəndaş cəmiyyəti institutlarının ölkənin inkişaf proseslərinə daha fəal inteqrasiyasına xidmət edəcək: “Qrant məbləğlərinin artırılması da dövlətin QHT sektorunun inkişafına verdiyi önəmin növbəti göstəricisidir. Bu addım qeyri-hökumət təşkilatlarının daha genişmiqyaslı və təsirli layihələr həyata keçirməsinə əlavə imkanlar yaradacaq. Hesab edirəm ki, “bir pəncərə” prinsipi əsasında formalaşdırılan yeni maliyyələşmə modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir. Bu mexanizm həm dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, həm də QHT sektorunda peşəkarlığın, hesabatlılığın, şəffaflığın və nəticəyönümlü fəaliyyətin daha da güclənməsinə ciddi töhfə verəcək”.

“Əminəm ki, qarşıdakı dövrdə bu islahatlar nəticəsində daha güclü layihələr, daha sağlam rəqabət mühiti və cəmiyyət üçün daha faydalı təşəbbüslər ortaya çıxacaq. Bu isə bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edəcək. Eyni zamanda bu prosesinin aparıcı qurumu olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə də mühüm vəzifələr düşür və heç şübhəsiz bundan öncəki proseslərdə olduğu kimi bu dəfə də Agentlik həmin vəzifələrin öhdəsindən uğurla gələcək” - deyə N.Azəri sonda əlavə edib.