24 iyun 2026 10:30
119

“Google” botlara qarşı yeni sistem tətbiq edir

“Google” istifadəçilərin real insan olub-olmadığını müəyyənləşdirmək üçün yeni yoxlama üsulu təqdim edib. Yeni sistemə əsasən, istifadəçilərdən kompüterlərinin kamerası qarşısında əl hərəkətləri etmələri istəniləcək. Bu yenilik internet saytlarının sahibləri ilə saytlara daxil olmağa çalışan avtomatlaşdırılmış botlar arasında uzun müddətdir davam edən mübarizənin növbəti mərhələsi hesab olunur.

Hazırda bir çox internet saytları ziyarətçilərin real insan olub-olmadığını müəyyən etmək üçün “CAPTCHA” kimi sistemlərdən istifadə edirlər. Məqsəd sayta hücum etmək, trafiki süni şəkildə artırmaq, müxtəlif platformalarda avtomatik qeydiyyatdan keçmək və ya digər zərərli fəaliyyətlər həyata keçirmək istəyən botlarla real istifadəçiləri ayırd etməkdir. Lakin botlar getdikcə daha təkmilləşmiş hala gəldiyindən bu sistemlərin onları insanlardan fərqləndirməsi çətinləşib. Əvvəllər istifadəçilərdən hərf və rəqəmləri tanımağı tələb edən ənənəvi “CAPTCHA” sistemləri artıq əvvəlki qədər etibarlı hesab edilmir. Bu səbəbdən “Google” və digər texnologiya şirkətləri yeni yoxlama üsulları hazırlayır. Bunlara şəkillərdə obyektləri müəyyən etmək və ya ekrandakı fiqurları müəyyən xanalara yerləşdirmək kimi metodlar daxildir.

“Google”un təqdim etdiyi yeni texnologiya isə istifadəçilərdən real insan olduqlarını sübut etmək üçün kamera qarşısında müxtəlif hərəkətlər və jestlər etməyi tələb edir. Şirkətin yaydığı məlumata görə, sistem istifadəçinin kamerasından görüntü alaraq əl hərəkətlərini izləyir və onların real insana məxsus olub-olmadığını yoxlayır. Bununla da süni intellekt tərəfindən yaradılmış videoların və ya digər saxta görüntülərin aşkarlanması mümkün olur.

Sistem işləyərkən istifadəçinin əlinin müxtəlif hissələri analiz edilir və hərəkətlərin təbii olub-olmaması qiymətləndirilir. “Google”dan  bildirilib ki, bu funksiyadan istifadə etmək üçün istifadəçilər əl hərəkətlərinin tanınması imkanını aktivləşdirməli və kameraya giriş icazəsi verməlidirlər. Şirkət təmsilçisinin sözlərinə görə, bu icazə sonradan ləğv edilə bilər. Həmçinin qeyd olunur ki, qeydə alınan videolar konkret istifadəçi ilə əlaqələndirilmir və yoxlama prosesi başa çatdıqdan sonra silinir.

“Google”dan əlavə ediblər ki, əl hərəkətlərini yerinə yetirməkdə çətinlik çəkən və ya xüsusi əlçatanlıq ehtiyacları olan istifadəçilər üçün “reCAPTCHA” sistemi vizual və səsli yoxlama variantlarını təqdim etməyə davam edəcək. Şirkət daha əlçatan və təhlükəsiz alternativlərin hazırlanması üzərində də çalışır.

Şahnigar Əhmədova, “İki sahil”