24 iyun 2026 19:48
106

Gənc yaşda ürək dayanmasının səbəbləri nələrdir?

Ürək-damar xəstəlikləri adətən daha çox yaşlı insanlarla əlaqələndirilsə də, son illərdə gənclər arasında baş verən qəfil ölüm halları ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, bəzi ürək xəstəlikləri uzun müddət heç bir əlamət göstərmədən inkişaf edə bilir və risk altında olan şəxslərin vaxtında müayinədən keçməsi həyati əhəmiyyət daşıyır.

Türkiyəli kardioloq Gülay Özkeçeci qeyd edib ki, son illərdə sağlam görünən gənclərdə baş verən qəfil ölüm halları bu problemin səbəblərini və profilaktik tədbirləri yenidən gündəmə gətirib. Onun sözlərinə görə, tibbi ədəbiyyatda qəfil ölüm müəyyən meyarlarla xarakterizə olunur. Belə ki, hadisənin şahidləri olduğu hallarda simptomların başlamasından sonra bir saat ərzində, şahid olmadığı hallarda isə şəxsin son dəfə sağ görülməsindən sonrakı 24 saat ərzində baş verən təbii və ürək mənşəli ölüm halları qəfil ölüm kimi qiymətləndirilir. Mütəxəssis bildirib ki, bu hallara bütün yaş qruplarında rast gəlinsə də, yaş artdıqca risk də yüksəlir. Körpə və uşaqlarda hər 100 min nəfərə təxminən bir hadisə düşdüyü halda, orta yaşlı insanlarda bu göstərici 50-ə, 80 yaşdan yuxarı şəxslərdə isə 200-ə qədər yüksəlir.

Gülay Özkeçecinin fikikrlərinə əsasən, 40 yaşdan yuxarı insanlarda qəfil ölüm hallarının əsas səbəbi infarkt və ürəyin tac damarlarının xəstəlikləridir. Gənclərdə isə bu hadisələrin arxasında daha çox ürək ritmindəki pozuntular dayanır. Belə ritm pozuntularının əsas səbəbi isə çox vaxt irsi mənşəli ürək xəstəlikləri olur: “Genetik ötürülən ürək xəstəlikləri bəzi hallarda ürəyin quruluşunda dəyişikliklər yaradır. Bu dəyişikliklər ürəyin daxilində və ya ürəkdən çıxan qan axınında problemlərə səbəb ola bilər.

Onu da qeyd etmək lazımdır ki, qəfil ölüm halları yalnız genetik amillərlə bağlı deyil. Bəzi hormon preparatları, dərman vasitələri də bu riski artırır. Xüsusilə əzələ kütləsini artırmaq və ya idman performansını yüksəltmək məqsədilə yüksək dozada və ya uzun müddət anabolik steroidlərdən istifadə ürək əzələsinin qalınlaşmasına səbəb olaraq ciddi nəticələr doğura bilər.”

Gülay Özkeçeci bildirib ki, bu cür ölüm halları əksər vaxt gözlənilmədən baş versə də bəzi xəbərdaredici əlamətlər müşahidə oluna bilər. Xüsusilə, idman və ya digər fiziki fəaliyyət zamanı, eləcə də güclü həyəcan və qorxu anlarında səbəbi bilinməyən huşun itməsi halları, sinədə sıxılma və təzyiq hissi, qəfil başlayan ürəkdöyünmə və göz qaralması diqqətlə qiymətləndirilməlidir.

Mütəxəssis ailə tarixçəsinin də bu məsələdə mühüm rol oynadığını vurğulayıb: “Belə ki, ailəsində 50 yaşdan əvvəl səbəbi açıqlanmayan ölüm, erkən yaşlarda infarkt, boğulma və ya huşunu itirmə ilə əlaqəli olduğu ehtimal edilən yol-nəqliyyat hadisələri qeydə alınmış şəxslər yüksək risk qrupuna daxildir.”

Risk altında olan insanlarda aparılan müayinələrin əhəmiyyətinə diqqət çəkən mütəxəssis bildirib ki, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (EXO) və zəruri hallarda genetik analizlər erkən diaqnostikada mühüm rol oynayır. O, həm peşəkar, həm də həvəskar səviyyədə idmanla məşğul olmaq istəyən gənclərin, eləcə də intensiv fiziki yüklənməyə məruz qalan şəxslərin mütləq kardioloji müayinədən keçməsinin vacibliyini vurğulayıb.

Şahnigar Əhmədova, “İki sahil”