24 iyun 2026 18:29
86

Pul xərcləmədən alış-veriş etmək mümkündürmü?

Yeni "dopamin saytları" fenomeni

Rəqəmsal texnologiyaların insan davranışlarına təsiri hər gün yeni formalar alır. Son aylarda Cənubi Koreyada sürətlə yayılan və sosial şəbəkələrdə geniş müzakirə olunan yeni internet trendi bunun ən maraqlı nümunələrindən biri hesab olunur. "Dopamin saytları" adlandırılan bu platformalar istifadəçilərə heç bir ödəniş etmədən alış-veriş etmək, yemək sifarişi və hətta konsert bileti alma prosesini yaşamağa imkan verir. Məsələ ilk dəfə geniş auditoriyanın diqqətini ABŞ-nin "Fast Company" nəşrində dərc olunan məqalədən sonra daha çox cəlb edib.

İlk baxışda qəribə görünən bu yanaşmanın arxasında insan beyninin mükafatlandırma sistemi dayanır. İstifadəçi sayta daxil olur, məhsulları seçir, səbətə əlavə edir, sifariş verir, hətta bəzi hallarda kuryerin xəritədə hərəkətini izləyir. Lakin sifarişin sonunda nə məhsul çatdırılır, nə də bank kartından vəsait çıxılır. Bütün proses virtual simulyasiyadan ibarətdir. "Fast Company"nin yazdığına görə, bəzi platformalar real çatdırılma tətbiqlərini o qədər dəqiq təqlid edir ki, istifadəçi özünü həqiqi sifariş prosesində hiss edir.

Mövzu ilə bağlı yayılan məlumatlara görə, xüsusilə yemək çatdırılması tətbiqlərinin imitasiya olunduğu platformalar gənclər arasında böyük maraq doğurur. İstifadəçilər bildirirlər ki, gecə saatlarında yemək sifariş etmək istəyi yarandıqda bu saytlardan istifadə etmələri onlara real sifariş verməkdən yayınmağa kömək edir. Beləliklə, həm artıq xərclərin qarşısı alınır, həm də yüksək kalorili qidalardan uzaq qalmaq mümkün olur. "TechSpot" və "Fast Company" nəşrlərinin məlumatlarında qeyd edilir ki, bəzi belə layihələr qısa müddətdə milyonlarla baxış toplayaraq sosial şəbəkələrdə viral trendə çevrilib.

Niyə milyonlarla insan bu platformalara üz tutur?

Mütəxəssislərin fikrincə, fenomenin sürətlə yayılmasının əsas səbəblərindən biri son illərdə Cənubi Koreyada gənclər arasında artan iqtisadi təzyiqlərdir. "South China Morning Post"un hazırladığı reportajda qeyd olunur ki, yüksək yaşayış xərcləri, mənzil qiymətlərinin artması və gəlirlərlə bağlı narahatlıqlar bir çox gənci alternativ emosional rahatlıq vasitələri axtarmağa sövq edir. Bu baxımdan "dopamin saytları" həm əyləncə, həm də stressdən yayınma üsulu kimi qəbul edilir.

Fenomen təkcə yemək sifarişi ilə məhdudlaşmır. İnternetdə zaman maşını, görünməzlik plaşı, arzuları həyata keçirən cihazlar və digər fantastik məhsulların təqdim olunduğu virtual mağazalar da yaradılıb. "Dexerto" portalının yazdığına görə, istifadəçilər həmin məhsulları "aldıqdan" sonra zarafat xarakterli rəylər paylaşır, guya məhsuldan istifadə təcrübələrini bölüşürlər. Bu isə alış-veriş prosesini sadə istehlak fəaliyyətindən çıxararaq bir növ rəqəmsal oyun və kollektiv əyləncə formatına çevirir.

Beyin nə üçün bu oyuna aldanır?

Psixoloqlar hesab edirlər ki, bu fenomen insan beyninin mükafatlandırma mexanizmləri ilə sıx bağlıdır. Uzun illər insanlar xoşbəxtliyin və məmnunluğun yalnız əldə edilən məhsulla əlaqəli olduğunu düşünsələr də, müasir tədqiqatlar fərqli mənzərə ortaya qoyur. "Fast Company" nəşrinin istinad etdiyi mütəxəssislərin fikrincə, müsbət emosiyaların əhəmiyyətli hissəsi məhsulu əldə etmə anında deyil, onu seçmək, müqayisə etmək və gözləmək mərhələsində formalaşır. Başqa sözlə, insan beynində dopamin ifrazı əsasən mükafatı almaqdan əvvəlki gözlənti dövründə baş verir.

Bu fikri elmi araşdırmalar da təsdiqləyir. Elektron ticarət və istifadəçi davranışları ilə bağlı "arXiv" platformasında dərc edilmiş tədqiqatlarda göstərilir ki, onlayn alış-veriş zamanı yaşanan emosional məmnunluq yalnız məhsulun əldə edilməsindən deyil, seçim prosesinin özündən də qaynaqlanır. Buna görə də bəzi hallarda virtual alış-veriş belə beyində real alış-verişə bənzər emosional reaksiyalar yarada bilir.

Əyləncə, yoxsa asılılıq riski?

Bəzi ekspertlər bu tendensiyanı rəqəmsal dövrdə istehlak mədəniyyətinin dəyişməsinin göstəricisi hesab edirlər. Onların fikrincə, müasir onlayn ticarət platformaları istifadəçilərin diqqətini cəlb etmək və alış-verişə həvəsləndirmək üçün müxtəlif psixoloji mexanizmlərdən istifadə edir. Alış-veriş zamanı yaşanan həyəcan hissi artıq məhsulun özündən daha vacib amilə çevrilə bilir. Məhz buna görə də bəzi insanlar üçün sifariş vermək hissi məhsulu əldə etməkdən daha cəlbedici görünür.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, "dopamin saytları" hər kəs üçün effektiv həll olmaya bilər. Bəzi insanlar üçün bu platformalar alış-veriş asılılığını azaltmağa kömək etsə də, digərlərində istehlak davranışlarını daha da gücləndirə bilər. Çünki insan beyni davamlı olaraq eyni növ mükafatlandırıcı təcrübə axtarışında olur və virtual alış-veriş də zamanla yeni asılılıq formasına çevrilə bilər.

Bütün bunlara baxmayaraq, Cənubi Koreyada yaranan bu qeyri-adi trend müasir insanın psixoloji ehtiyacları və rəqəmsal həyat tərzi haqqında mühüm suallar doğurur. İnsanlar həqiqətən məhsul almaq istəyirlər, yoxsa onları cəlb edən əsas amil seçim etmək, səbət doldurmaq və sifariş gözləmək hissidir? "Dopamin saytları" fenomeni göstərir ki, bəzən istehlakın özü deyil, ona aparan proses insan beynində daha güclü emosional təsir yarada bilir.

Nigar Orucova, "İki sahil"