Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026 Women) kubokunun təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə GİN-in Voleybol Mərkəzində mətbuat konfransı təşkil olunub. Konfransda Avropa çempionatının rəmzi kuboku və yarışın rəsmi maskotu – ACE təqdim edilib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev və yığmanın kapitanı Ayşən Abduləzimova media nümayəndələrinin suallarını cavablandırıblar. Tədbirin sonunda milli komandamızın üzvləri və qonaqlar Avropa çempionatının kuboku ilə xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Avropa çempionatının rəmzi kuboku ev sahibi ölkələr arasında növbə ilə təqdim olunur. İsveç və Çexiyadakı təqdimatlardan sonra kubok Azərbaycana gətirilib. Ölkəmizdə keçirilən tədbirlər başa çatdıqdan sonra isə kubok Avropa çempionatının final oyunlarının keçiriləcəyi Türkiyəyə yola salınacaq.