10 iyul 2026 01:23
90

Kakaonun 4 yeni növü aşkar edilib

Alimlər Peruda kakaonun daha əvvəl məlum olmayan 4 yeni yerli növünü aşkar ediblər. Tədqiqatın nəticələrinin nəsli təhlükə altında olan kakao bitkisinin qorunmasına töhfə verəcəyi, eyni zamanda, yeni şokolad növlərinin hazırlanmasına imkan yaradacağı gözlənilir.

İqlim dəyişikliyi, bitki xəstəlikləri və meşələrin qırılması kakao istehsalını ciddi təhdid altına salır. Bununla yanaşı, bir çox kakao fermerlərinin dolanışıqda çətinlik çəkmələri gənc nəslin bu sahəyə marağını da azaldır. Mütəxəssislər bildirirlər ki, eyni növ kakao ağaclarının geniş şəkildə becərilməsi plantasiyaları xəstəliklərə və iqlim dəyişikliklərinin təsirlərinə qarşı daha həssas edir. Bu səbəbdən alimlər genetik müxtəlifliyi artıracaq yeni kakao növlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparırlar.

Dünyanın ən böyük səkkizinci kakao istehsalçısı olan Peruda əsasən süni seleksiya və ya gen mühəndisliyi ilə dəyişdirilməmiş yabanı və yarı yabanı kakao növləri yetişdirilir. Əvvəlki tədqiqatlar Peru və digər ölkələrdə yetişən yerli kakao ağaclarının genetik oxşarlıqlarına əsasən 10 əsas qrupa bölündüyünü göstərmişdi.

Yamaykadakı Vest-Hind Universitetinin alimi Lambert Motilalın rəhbərlik etdiyi tədqiqat qrupu Perunun müxtəlif bölgələrində yerləşən təsərrüfatlardan toplanmış 390 yabanı və yarı yabanı kakao ağacının genetik xüsusiyyətlərini təhlil edib. Araşdırma zamanı alimlər hər ağacın DNT-sindəki genetik fərqləri müqayisə edərək onların bir-biri ilə qohumluq əlaqələrini müəyyənləşdiriblər. Nəticələri “PLOS One” jurnalında dərc olunan araşdırmada əvvəllər məlum olmayan 4 yeni kakao genetik xəttinin mövcudluğu təsdiqlənib. Tədqiqatçılar hesab edirlər ki, yeni aşkar edilən növlərdən ikisi yüksək keyfiyyətli və dad xüsusiyyətləri ilə seçilən kakao dənələri yetişdirmək potensialına malikdir.

Məqalədə qeyd olunur ki, araşdırma Perudakı kakao ağaclarının ölkə üzrə ümumi genetik xüsusiyyətlərə malik olduğunu, eyni zamanda, hər bölgənin özünəməxsus genetik xüsusiyyət daşıdığını ortaya qoyub. Alimlər bildirirlər ki, müəyyən edilən 4 yeni genetik xətt həm elmi baxımdan, həm də kakao istehsalı üçün mühüm əhəmiyyət kəsb edir. Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr Perunun kakao genetikası haqqında mövcud təsəvvürləri genişləndirməklə yanaşı, biomüxtəlifliyin qorunması və yüksək keyfiyyətli şokolad sənayesinin inkişafı üçün yeni imkanlar yaradır.

Araşdırma çərçivəsində son illərdə yüksək məhsuldarlığı və xəstəliklərə davamlılığı ilə məşhurlaşan CCN 51 adlı kakao növünün genetik mənşəyi də müəyyən edilib. Məlum olub ki, bu növ əvvəllər tanınan dörd fərqli genetik xəttin qarışığından formalaşıb və onların hər birinin genetik payı ayrıca hesablanıb. Alimlər hesab edirlər ki, əldə olunan yeni nəticələr həm kakao bitkisinin qorunması, həm də Peruda kakao sənayesinin inkişafı və daha keyfiyyətli məhsulların istehsalı baxımından mühüm rol oynaya bilər.

Şahnigar Əhmədova, “İki sahil”