11 iyul 2026 12:35
115

Media dekolonizasiya prosesinin əsas hərəkətverici qüvvələrindən biridir - Abbas Abbasov

Son üç ildə dekolonizasiya ilə bağlı qlobal maarifləndirmənin genişlənməsində və kolonial siyasətlərin fəsadlarının beynəlxalq gündəmə çıxarılmasında media mühüm rol oynayıb.

“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son üç il ərzində beynəlxalq müstəvidə dekolonizasiya prosesinə ən mühüm töhfə vermiş tərəflərdən və təşkilatlardan biri məhz Bakı Təşəbbüs Qrupu olub.

“Son üç ildə həyata keçirdiyimiz fəaliyyətlər nəticəsində dünya ictimaiyyətini kolonial cinayətlər, kolonial siyasətlərin fəsadları və dekolonizasiya prosesinin gedişatı haqqında daha çox maarifləndirmişik. Təşkilatımız tərəfindən müxtəlif beynəlxalq platformalarda həyata keçirilən konstruktiv fəaliyyətlər nəticəsində biz bu məsələləri yalnız siyasi müstəvidə deyil, müxtəlif istiqamətlər üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırmışıq”, – deyə A.Abbasov bildirib.

BTQ nümayəndəsi rəsmisi qeyd edib ki, hazırda BMT, BMT-nin institutları, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar dekolonizasiya ilə bağlı məsələləri gündəliklərinə daha tez-tez daxil edirlər.

“Bu, təbii olaraq aparılan maarifləndirmə prosesinin nəticəsidir. Şübhəsiz ki, bu prosesdə media mənsublarının və informasiya agentliklərinin xüsusi rolu olub. Bakı Təşəbbüs Qrupu adından və dekolonizasiya prosesinə cəlb olunan bütün tərəflər adından media nümayəndələrinə dərin minnətdarlığımı bildirmək istərdim. Sizsiz dünya ictimaiyyəti kolonial siyasətlərin fəsadları barədə bu qədər məlumatlı olmazdı. Bu gün dekolonizasiya prosesində ən mühüm rolu oynayan tərəflərdən biri də məhz informasiya agentlikləri və media mənsublarıdır”, – deyə o vurğulayıb.

O bildirib ki, jurnalistlərlə bağlı həyata keçirilən hazırkı təşəbbüs Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə ikinci layihəsidir.

Abbas Abassovun sözlərinə görə, 2024-cü ildə dənizaşırı ərazilərdə fəaliyyət göstərən media nümayəndələri üçün Azərbaycanda media tur təşkil olunub. Həmin proqram çərçivəsində ADA Universitetində kommunikasiya üzrə təlim keçirilib, eləcə də aidiyyəti dövlət qurumları və informasiya agentlikləri ilə ikitərəfli görüşlər təşkil edilərək fikir mübadiləsi aparılıb.

“Bu gün isə artıq 2026-cı ildə media mənsublarının dekolonizasiyadakı rolu üzrə beynəlxalq konfrans keçiririk. Bu konfransda yerli və xarici media nümayəndələri iştirak edir, fikir mübadiləsi aparılır. Düşünürəm ki, bu kimi təşəbbüslər gələcəkdə də dekolonizasiya prosesinə çox mühüm töhfə verəcək”, – deyə BTQ rəsmisi əlavə edib.