Azərbaycan Basketbol Liqasında (ABL) 2026-2027-ci illər mövsümü üzrə yeni yarış formatı, iştirak şərtləri və əsas normativ dəyişiklikləri açıqlanıb.
Azərbaycan Basketbol Federasiyasından (ABF) “İki sahil”ə bildirilib ki, yeni mövsümə oktyabrın 3-də start veriləcək. Ötən mövsümün yekununa əsasən ilk dörd pilləni tutmuş "Sabah", "Landau Lions", "Gəncə" və "Neftçi" klubları bu il Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıblar.
Yeni mövsümdə səkkiz komanda üç dövrədən ibarət müntəzəm çempionatda ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsümün yekununda ilk iki yeri tutan komandalar birbaşa yarımfinala yüksələcək.
Turnir cədvəlində 3-6-cı yerləri tutan komandalar isə pley-in mərhələsində mübarizə aparacaqlar.
Pley-in mərhələsində 3-cü və 4-cü yerləri tutmuş komandalar iki qələbəyədək davam edəcək seriyada qarşılaşacaq və qalib yarımfinalda müntəzəm mövsümü ikinci pillədə başa vurmuş kollektiv ilə üz-üzə gələcək. 5-ci və 6-cı yerlərin sahibləri də iki qələbəyədək seriyada mübarizə aparacaq. Həmin seriyanın qalibi 3-4-cü yerlər arasında keçirilən qarşılaşmanın məğlubu ilə yenidən iki qələbəyədək oynayacaq. Bu seriyanın qalibi sonuncu yarımfinal vəsiqəsini əldə edərək müntəzəm mövsümün qalibi ilə qarşılaşacaq.
Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət olacaq. Hər iki mərhələdə üç qələbə qazanan komanda növbəti mərhələyə yüksələcək, final seriyasının qalibi isə ABL-in çempionu elan olunacaq.
Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar pley-out oyununda üz-üzə gələcəklər. Daha yüksək pillədə qərarlaşmış komandanın meydanında keçiriləcək görüşün qalibi növbəti mövsümdə ABL-də iştirak hüququnu qoruyacaq.
2025-2026-cı illər mövsümünün nəticələrinə əsasən, yeni mövsümdə iştirak hüququ qazanan klublar "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi", "Şəki", "Naxçıvan", "Ordu" və "NTD"dir. Qeyd olunub ki, hər hansı klub lisenziyalaşdırma tələblərini yerinə yetirmədiyi təqdirdə, ABF ötən mövsümü 9-12-ci pillələrdə başa vurmuş komandalar arasında dəvət prosesinə başlayacaq.
Yeni reqlamentə əsasən, müntəzəm mövsümün ilk iki dövrəsi ənənəvi ev-səfər sistemi ilə keçiriləcək. Üçüncü dövrədə isə ilk iki dövrənin nəticələrinə əsasən turnir cədvəlində daha yüksək pillədə qərarlaşmış komanda meydan sahibi olacaq.
Yerli basketbolçuların inkişafının davam etdirilməsi məqsədilə "4+1" limiti qüvvədə saxlanılıb. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı bir yerli basketbolçunun iştirakını təmin etməlidir. Bundan əlavə, klublar mövsüm başlamazdan əvvəl ABF-də minimum beş yerli basketbolçunu qeydiyyatdan keçirməlidirlər.
Reqlamentdə yer alan digər yeniliklərdən biri də ikili lisenziya sisteminin tətbiqidir. 2005-ci il və ya daha sonra anadan olmuş basketbolçular bu mövsümdən etibarən ilk dəfə keçiriləcək Azərbaycan Basketbol İkinci Liqasında da çıxış edə biləcəklər. Zərurət yarandıqda onların bu sistemdə iştirakı məcburi olacaq.