İqtisadçı: Qeyri-neft ixracının davamlılığı onun strukturundan və artımın mənbəyindən asılıdır
2026-cı ilin ilk yarısına dair açıqlanan ilkin göstəricilər Azərbaycanın qeyri-neft ixracında müsbət dinamikanın davam etdiyini göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyul sayında yer alan məlumatlara əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Təkcə iyun ayında isə qeyri-neft ixracı illik müqayisədə 18,2 faiz artaraq 381,9 milyon ABŞ dollarına yüksəlib.
Məlumatlar göstərir ki, artım həm yeyinti, həm də qeyri-yeyinti məhsulları üzrə qeydə alınıb. İyun ayında yeyinti məhsullarının ixracı 19,4 faiz artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 17,3 faiz yüksələrək 206,5 milyon ABŞ dollarına çatıb. Bu isə ixrac artımının təkcə bir məhsul qrupu ilə məhdudlaşmadığını, müxtəlif istiqamətlər üzrə formalaşdığını göstərir.
Ötən altı ay ərzində ayrı-ayrı məhsul qrupları üzrə də yüksək artım qeydə alınıb. Belə ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə, pambıq ipliyi 2,1 dəfə artıb. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 50 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, pambıq lifi 26,3 faiz, meyvə-tərəvəz 18,9 faiz, çay 19,4 faiz, spirtli və spirtsiz içkilər isə 2,9 faiz yüksəlib.
Aqrar və aqrar-sənaye məhsullarının ixrac göstəriciləri də diqqət çəkir. Yanvar-iyun aylarında aqrar məhsulların ixracı 23,9 faiz artaraq 563,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 faiz yüksələrək 195,9 milyon ABŞ dollarına çatıb. Nəticədə bu iki istiqamət üzrə ümumi ixrac həcmi 26,6 faiz artaraq 759,8 milyon ABŞ dolları təşkil edib.
Rəqəmlərin arxasında hansı iqtisadi mənzərə dayanır?

Açıqlanan rəqəmlər qeyri-neft ixracında müsbət dinamikanı göstərsə də, bu artımın hansı amillər hesabına formalaşdığı və uzunmüddətli perspektivdə davamlı olub-olmayacağı məsələsi də aktuallığını qoruyur. Məhz bu baxımdan iqtisadçılar hesab edirlər ki, statistik göstəriciləri yalnız artım faizi ilə deyil, ixracın strukturu və iqtisadi məzmunu baxımından da qiymətləndirmək vacibdir.
İqtisadçı Fuad İbrahimov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, qeyri-neft ixracının 16,9 faiz artmasını qiymətləndirərkən ilk növbədə bu artımın hansı mənbələr hesabına formalaşdığına diqqət yetirmək lazımdır: “Əgər artımın əsas hissəsi aqrar və sənaye məhsullarının ixracı hesabına təmin olunubsa, bu, müsbət siqnaldır və real istehsal potensialının genişləndiyini göstərir".
Artımın davamlılığı strukturdan asılıdır
Onun sözlərinə görə, digər mühüm məsələ ilin sonuna qədər bu dinamikanın qorunub-qorunmayacağıdır: “Əgər artım daha çox mövsümi amillərlə bağlıdırsa, növbəti aylarda müəyyən qədər zəifləyə bilər. Məhz buna görə də qeyri-neft ixracının strukturuna xüsusi diqqət yetirilməlidir".
İqtisadçı hesab edir ki, qeyri-neft ixracında artım hər zaman qeyri-neft sektorunun istehsal gücünün yüksəlməsi kimi qiymətləndirilməməlidir: "Nəzərə almaq lazımdır ki, qeyri-neft ixracındakı artım hər zaman qeyri-neft sektorunun istehsal gücünün yüksəlməsi demək deyil. Elə hallar ola bilər ki, müəyyən dövrdə qızıl kimi məhsulların ixracı artır və bu da ümumi statistik göstəriciləri yüksəldir. Lakin belə artım uzunmüddətli perspektivdə nə qeyri-neft sektorunun istehsal potensialını, nə də makroiqtisadi tarazlığın dayanıqlığını təmin edən əsas mənbə hesab oluna bilməz".
Dayanıqlı iqtisadiyyatın yolu ixracın keyfiyyətindən keçir
Fuad İbrahimovun fikrincə, buna baxmayaraq, qeyri-neft məhsullarının ixracında müşahidə olunan artım ümumilikdə müsbət tendensiya hesab edilməlidir: "Azərbaycan iqtisadiyyatı üçün qeyri-neft ixracının genişlənməsi strateji əhəmiyyət daşıyır. Əslində, bu məsələ illər əvvəl daha geniş müzakirə edilməli idi. Hər halda, bu gün həmin istiqamətdə müsbət dinamikanın müşahidə olunması sevindiricidir. Çünki gələcəkdə iqtisadiyyatın dayanıqlı inkişafının və makroiqtisadi tarazlığın qorunmasının əsas şərtlərindən biri məhz qeyri-enerji sektorunun ixrac imkanlarının genişləndirilməsidir. Bu göstəricilər ölkə iqtisadiyyatının gələcək dayanıqlığını təmin edən əsas sütunlardan biri hesab olunur".
Beləliklə, açıqlanan ilkin göstəricilər qeyri-neft ixracında artımın davam etdiyini təsdiqləsə də, ekspertlərin vurğuladıqları kimi, əsas məsələ yalnız ixrac həcminin yüksəlməsi deyil, bu artımın hansı məhsul qrupları hesabına formalaşması və davamlı iqtisadi nəticələr verməsidir. Məhz istehsal və emal imkanlarının genişlənməsi hesabına əldə olunan ixrac artımı uzunmüddətli dövrdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf baxımından daha mühüm əhəmiyyət kəsb edir.
Nigar Orucova, "İki sahil"