15 iyul 2026 21:37
91

Rəşad Sadıqov: Komandamız buna hazırdır

Sabah bizi adlı-sanlı rəqibə qarşı çətin qarşılaşma gözləyir. İlk oyunda əldə etdiyimiz üstünlüyə baxmayaraq, rəqibin güclü heyəti, təcrübəli baş məşqçisi və öz azarkeşləri önündə oynayacaq olması işimizi çətinləşdirir. Onların matçın gedişatını dəyişmək üçün sonadək mübarizə aparacağını bilirik. Komandamız buna hazırdır. Oyunun maraqlı keçəcəyini düşünürəm və əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə ümid edirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“Mövsümün ilk rəsmi matçları həmişə müəyyən çətinliklərlə yadda qalır. Bilirik ki, rəqib sabah daha yaxşı çıxış etməyə çalışacaq. Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki hazırlıq, həm də taktiki baxımdan daha keyfiyyətli oyun sərgiləməliyik. Tam optimal formaya çatmaq üçün isə adətən 3-4 rəsmi görüş keçirmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Torpedo” – “Zirə” cavab görüşü iyulun 16-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.