17 iyul 2026 01:34
115

Uşaqlarda piylənmənin gizli səbəbləri nələrdir?

Uşaqlıq dövründə piylənmə təkcə qeyri-sağlam qidalanma ilə əlaqəli deyil. Mütəxəssislər bildirirlər ki, uşaqların uzun müddət ekran qarşısında vaxt keçirmələri və bunun nəticəsində hərəkətsiz həyat tərzinə keçid etmələri də piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.

Uşaq endokrinologiyası üzrə türkiyəli mütəxəssis, dosent Murat Doğan bildirib ki, uşaqlıq dövründə piylənmə dünyada olduğu kimi, Türkiyədə də ciddi ictimai sağlamlıq problemlərindən birinə çevrilib. Onun sözlərinə görə, valideynlər yalnız övladlarının qidalanmasına deyil, həm də gündəlik fiziki aktivliyinə və ekran qarşısında keçirdiyi vaxta diqqət yetirməlidirlər: "Müasir texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsələr də, televizor, planşet, mobil telefon və kompüterdən istifadə müddəti nəzarətdə saxlanılmalıdır. Çünki uşaqlar uzun müddət ekran qarşısında qaldıqda həm fiziki aktivlikləri azalır, həm də fərqinə varmadan yüksək kalorili qidaları daha çox qəbul edirlər. Nəticədə enerji sərfiyyatı azalır, qəbul edilən kalorinin miqdarı isə artır ki, bu da zamanla nəzarətsiz çəki artımına səbəb olur."

Murat Doğan vurğulayıb ki, uşaqlarda çəki artımını qiymətləndirərkən yalnız qidalanma vərdişlərinə diqqət yetirmək kifayət deyil. Belə ki, yaşa uyğun gündəlik fiziki aktivlik sağlam böyümə və inkişafın əsas şərtlərindən biridir. Xüsusilə dərsdən sonrakı vaxtın ekran qarşısında deyil, açıq havada oyun oynamaq, gəzmək və idmanla məşğul olmaqla keçirilməsi tövsiyə olunur: "Müntəzəm fiziki fəaliyyət təkcə çəkiyə nəzarəti təmin etmir, eyni zamanda, əzələ və sümük inkişafını dəstəkləyir, uşaqların psixoloji vəziyyətinə, diqqəti cəmləmə qabiliyyətinə və yuxu keyfiyyətinə də müsbət təsir göstərir.

Nəzərə alınmalıdır ki, uşaqlıq dövründə yaranan piylənmə sadəcə artıq çəki problemindən ibarət deyil. Bu vəziyyət insulin müqaviməti, 2-ci tip şəkərli diabet, qaraciyərin piylənməsi, yüksək arterial təzyiq, yuxu apnesi və bəzi hormonal pozuntular kimi ciddi xəstəliklərin inkişaf riskini artırır. Xüsusilə sürətlə çəki alan, boy artımı ləngiyən və ya inkişafında fərqlilik müşahidə olunan uşaqların uşaq endokrinoloqu tərəfindən müayinə olunması vacib hesab edilir."

Mütəxəssis sağlam həyat tərzinin ilk növbədə ailədə formalaşdığını da diqqətə çatdırıb. Bildirib ki, valideynlər uşaqlar üçün nümunə olmalı, ekran qarşısında keçirilən vaxta yaşa uyğun məhdudiyyət qoymalı, bu proses zamanı qidalanma vərdişinin qarşısını almalı və ailəvi fiziki aktivliyi təşviq etməlidirlər. Gündəlik gəzintilər, parkda oyunlar, velosiped sürmək və müxtəlif idman fəaliyyətləri uşaqların həm fiziki, həm də psixoloji inkişafına mühüm töhfə verir.

Şahnigar Əhmədova, "İki sahil"