18 iyul 2026 12:57
111

Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.

“İki sahil” xəbər verir ki, B Liqasının B qrupunda yer alan yığma Latviya kollektivi ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.

Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.