22 iyul 2026 17:56
115

"WhatsApp"da daha bir yenilik

"WhatsApp" istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya üzərində işləyir. Yenilik sayəsində artıq insanlarla əlaqə yaratmaq üçün telefon nömrəsini paylaşmaq məcburiyyəti aradan qalxacaq.

“İki sahil” xəbər verir ki, yeni sistemdə istifadəçilər özlərinə unikal istifadəçi adı (username) seçə biləcəklər. Digər şəxslər isə onları məhz bu ad vasitəsilə axtarıb tapa və mesaj göndərə biləcəklər.

Məlumata görə, istifadəçi adları xüsusi qaydalara uyğun formalaşdırılacaq və hər biri unikal olacaq. İstifadəçilər istədikləri vaxt seçdikləri adı dəyişdirə və ya tamamilə silə biləcəklər.

Bu yenilik xüsusilə tanımadığı şəxslərlə ünsiyyət quran istifadəçilər üçün əlavə məxfilik təmin edəcək. Belə ki, yazışma zamanı şəxsi telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq.

Gözlənilir ki, yeni funksiya yaxın aylarda mərhələli şəkildə bütün WhatsApp istifadəçilərinin istifadəsinə veriləcək.