22 iyul 2026 23:46
109

Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-dən gedərkən hava limanında saxlanılıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) futbol üzrə dünya çempionatının finalından sonra Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiyanı Nyu-York hava limanında saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Argentinanın "TN" telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, assosiasiya rəhbərinin və digər təşkilat üzvlərinin kompüterləri və mobil telefonları müsadirə edilib. Məhkəmə sənədlərinə əsasən, Tapiya, assosiasiyanın xəzinədarı Pablo Toviqino və AFA rəhbəri ilə əlaqəsi olduğu bildirilən iş adamı Xavyer Faroni iyulun 30-da Floridanın Cənub dairəsi üzrə məhkəmədə ifadə verməlidirlər.

Hadisə AFA ilə bağlı maliyyə və kommersiya əməliyyatlarının araşdırıldığı bir vaxtda baş verib. Qeyd olunur ki, son həftələrdə Faroni və həyat yoldaşının Cənubi Floridada ən azı dörd elit daşınmaz əmlak obyektinin alınması ilə bağlı araşdırma da aktuallaşıb. Bu alışların ümumi dəyəri 11 milyon ABŞ dollarından çoxdur.

Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyi AFA-nın maliyyəsi ilə bağlı ilkin araşdırmanı davam etdirir. Məqsəd ABŞ bank sistemi vasitəsilə bu təşkilatla əlaqəli şəkildə hərəkət edən vəsaitlərin bir hissəsinin maliyyə fırıldaqları ilə bağlı cinayətlərə səbəb olub-olmadığını müəyyən etməkdir.