24 iyul 2026 11:00
165

Çevik iş rejimi nə vəd edir?

İqtisadçı: Bu model bütün sahələr üçün nəzərdə tutulmur, fəaliyyətin xarakteri əsas meyar olacaq

Əmək münasibətlərində yeni yanaşmaların tətbiqi dünyanın bir çox ölkələrində artıq adi praktikaya çevrilib. Rəqəmsallaşma, texnologiyaların sürətli inkişafı və iş bazarının dəyişən tələbləri ənənəvi iş modellərini tədricən daha çevik mexanizmlərlə əvəz edir. Azərbaycan da bu istiqamətdə yeni mərhələyə hazırlaşır.

Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində ölkədə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə tədbirlər həyata keçirəcək. İlk mərhələdə müxtəlif ölkələrin təcrübəsi öyrəniləcək, daha sonra isə bu sahəni tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanacaq. Nəticədə Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi üçün hüquqi baza formalaşdırılacaq.

Bu addım təkcə iş saatlarının dəyişdirilməsi kimi qiymətləndirilməməlidir. Əslində söhbət əmək bazarının müasir iqtisadi reallıqlara uyğunlaşdırılmasından gedir. Dünyada çevik məşğulluq modelləri işçinin məhsuldarlığını artırmaq, iş və şəxsi həyat arasında balans yaratmaq, işəgötürənlərin isə resurslardan daha səmərəli istifadə etməsini təmin etmək məqsədi daşıyır.

Pandemiya dövründə əldə olunan təcrübə də göstərdi ki, bir çox peşələr üzrə işin mütləq şəkildə ənənəvi ofis şəraitində həyata keçirilməsi zəruri deyil. Məsafədən işləmə, hibrid iş modeli, dəyişkən iş saatları və nəticəyönümlü fəaliyyət sistemi bir çox ölkələrdə əmək münasibətlərinin ayrılmaz hissəsinə çevrilib. Artıq bir çox beynəlxalq şirkətlər işçilərin ofisdə keçirdiyi vaxta deyil, ortaya qoyduğu nəticəyə üstünlük verirlər.

Azərbaycanda da iqtisadiyyatın rəqəmsallaşması, elektron xidmətlərin genişlənməsi və yeni texnologiyaların tətbiqi bəzi peşələrdə çevik iş modelinin tətbiqini daha real edir. Xüsusilə informasiya texnologiyaları, maliyyə, marketinq, media, təhsil, konsaltinq və yaradıcı sahələrdə bu model həm işəgötürən, həm də işçi üçün əlavə imkanlar yarada bilər.

Digər tərəfdən, çevik iş rejimi əmək bazarında iştirak səviyyəsinin artırılmasına da müsbət təsir göstərə bilər. Azyaşlı uşağı olan valideynlər, tələbələr, pensiya yaşına yaxın şəxslər, əlilliyi olan insanlar və regionlarda yaşayan mütəxəssislər üçün daha uyğun məşğulluq imkanları formalaşa bilər. Belə yanaşma işçi qüvvəsinin əmək bazarına inteqrasiyasını genişləndirərək məşğulluğun artırılmasına töhfə verə bilər.

Bununla yanaşı, çevik iş rejiminin uğurlu tətbiqi yalnız iş saatlarının sərbəstləşdirilməsi ilə məhdudlaşmır. Bu model əmək qanunvericiliyində iş vaxtının uçotu, əməkhaqqının hesablanması, məzuniyyət hüquqları, artıq iş saatları, işçinin sosial müdafiəsi və işəgötürənin məsuliyyəti kimi məsələlərin dəqiq tənzimlənməsini tələb edir. Məhz buna görə Tədbirlər Planında əvvəlcə beynəlxalq təcrübənin öyrənilməsi, daha sonra isə normativ hüquqi bazanın hazırlanması nəzərdə tutulub.

Beynəlxalq təcrübə göstərir ki, çevik iş rejiminin tətbiqi zamanı hər sahəyə eyni yanaşma mümkün olmur. İstehsalat, tikinti, səhiyyə, təhlükəsizlik, nəqliyyat və xidmət sektorunun bir sıra istiqamətlərində iş prosesinin xüsusiyyətləri ənənəvi iş rejiminin saxlanılmasını zəruri edir. Buna görə də yeni modelin bütün peşələrə deyil, fəaliyyətin xarakterinə uyğun şəkildə tətbiq olunacağı gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, çevik iş vaxtı rejimi düzgün hüquqi mexanizmlərlə tətbiq olunarsa, əmək məhsuldarlığının yüksəlməsinə, işçi məmnunluğunun artmasına və işçi dövriyyəsinin azalmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, müəssisələrin əməliyyat xərclərinin optimallaşdırılması və rəqəmsal iş mühitinin genişlənməsi baxımından da yeni imkanlar yarana bilər.

Azərbaycanın 2026–2030-cu illər üzrə məşğulluq siyasətində bu istiqamətin ayrıca tədbir kimi yer alması göstərir ki, əmək bazarında baş verən qlobal dəyişikliklər ölkənin gələcək inkişaf strategiyasında da nəzərə alınır. Beynəlxalq təcrübənin öyrənilməsi və hüquqi mexanizmlərin hazırlanmasından sonra tətbiq ediləcək çevik iş vaxtı rejimi həm işçilərin, həm də işəgötürənlərin müasir əmək münasibətlərinə uyğunlaşmasını sürətləndirə və əmək bazarının daha çevik, rəqabətqabiliyyətli modelə keçidinə şərait yarada bilər.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda məşğulluq sahəsində müxtəlif istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır. Çevik iş vaxtı rejiminin tətbiqi də həmin islahatların mühüm tərkib hissəsidir: "Bu dəyişiklik ilk növbədə əmək məhsuldarlığının artmasına xidmət edir. Eyni zamanda, işçi dövriyyəsinin azalmasına, yəni əməkdaşların iş yerlərini daha az dəyişməsinə şərait yaradır. Bu isə həm işəgötürən, həm də işçi üçün müsbət nəticələr və daha sabit əmək münasibətləri formalaşdırır.

Çevik iş vaxtı rejimi xüsusilə azyaşlı uşağı olan valideynlər, ailə üzvlərinə qulluq edən şəxslər, təhsil alan gənclər, əlilliyi olan şəxslər və rəqəmsal sahədə çalışanlar üçün daha əlverişli imkanlar yarada bilər. Bu kateqoriyadan olan insanlar iş vaxtını həyat şəraitinə uyğun tənzimləyə bildikləri üçün əmək bazarında iştirak imkanları da genişlənir.

Lakin bu modelin bütün sahələrdə tətbiqi mümkün deyil. Məsələn, istehsalat, nəqliyyat, səhiyyə kimi sahələrdə iş prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Bu istiqamətlərdə çevik iş rejiminin tətbiqi müəyyən risklər yarada bilər. Ona görə də bu model yalnız fəaliyyətin xarakterinin imkan verdiyi sahələrdə tətbiq edilməlidir.

Bununla yanaşı, çevik iş vaxtı rejiminin qanunvericilikdə nəzərdə tutulması o demək deyil ki, bütün müəssisələr mütləq bu sistemə keçəcək. Ən ümdə məqsəd belə bir iş modelindən istifadə etmək istəyən işəgötürən və işçilər üçün hüquqi əsas yaratmaqdır".

Nigar Orucova, "İki sahil"