24 iyul 2026 16:00
96

Bakı növbəti dəfə Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək

25-26 iyul tarixlərində Bakı növbəti dəfə Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək. Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə keçiriləcək turnir yeniyetmə cüdoçuların beynəlxalq yarış təcrübəsi qazanması, müxtəlif cüdo məktəblərinin nümayəndələri ilə qüvvəsini sınaması və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışda Azərbaycanla yanaşı, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynadan olan idmançılar tatami üzərinə çıxacaqlar. Ümumilikdə 10 ölkəni təmsil edən 88 klubun 330 cüdoçusu mübarizə aparacaq. Onlardan 282-si oğlan, 48-i isə qız idmançıdır.

Turnir U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək. İki gün davam edəcək yarışlarda yeniyetmə cüdoçular medal uğrunda mübarizə aparmaqla yanaşı, beynəlxalq rəqabət mühitində öz bacarıqlarını sınamaq və qiymətli yarış təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Yarışın rəsmi püşkatma mərasimi iyulun 24-də keçiriləcək. Tədbirdə Yerli Təşkilat Komitəsini Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təmsil edəcək. Turnirin idman komissarı funksiyasını isə Olimpiya mükafatçısı Rüstəm Orucov yerinə yetirəcək.

Turnirlə paralel olaraq, 24-26 iyul tarixlərində iştirakçılar üçün texniki seminarlar da təşkil olunacaq. Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə keçiriləcək seminarlarda iştirakçılar müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi, dünya və Avropa mükafatçısı Nicat Şıxəlizadə turnirin əhəmiyyətindən danışaraq bildirib:

"Avropa Cüdo Ümidləri Turniri yeniyetmə cüdoçular üçün beynəlxalq arenada ilk ciddi sınaqlardan biridir. Belə yarışlar idmançıların fərqli cüdo məktəblərinin nümayəndələri ilə qarşılaşaraq təcrübə toplamasına və inkişaf etməsinə böyük töhfə verir. Bu cür turnirlər gələcəkdə milli komandalara namizədlərin formalaşmasında da mühüm rol oynayır. İnanıram ki, tatamiyə çıxacaq yeniyetmə cüdoçular öz bacarıqlarını nümayiş etdirərək bu təcrübədən maksimum yararlanacaqlar".

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının məşqçisi, Avropa çempionu və dünya mükafatçısı Orxan Səfərov isə yarışın tədris komponentinin əhəmiyyətinə diqqət çəkib:

"Bu turnirin ən böyük üstünlüklərindən biri yarışlarla yanaşı texniki seminarların da təşkil edilməsidir. Yeniyetmə cüdoçular dünya səviyyəli mütəxəssislərlə birbaşa işləmək, onların yanaşmalarını öyrənmək imkanı qazanırlar. Bu, idmançıların texniki-taktiki bacarıqlarının təkmilləşməsinə, düşüncə tərzinin formalaşmasına və gələcək yarışlara daha hazırlıqlı çıxmasına mühüm töhfə verir. Belə beynəlxalq mühit onların inkişaf prosesinin ayrılmaz hissəsidir".

Qeyd edək ki, Bakı ötən il də Avropa Cüdo Ümidləri Turnirinə uğurla ev sahibliyi edib. Həmin yarışda Azərbaycan təmsilçisi Fərid Rzazadə U-15 yaş kateqoriyasında -46 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Son bir il ərzində böyük inkişaf yolu keçən cüdoçu bu ilin iyulunda İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında (U-18) gümüş medal qazanaraq perspektivini bir daha nümayiş etdirib.

Avropa Cüdo Ümidləri Turniri son illərdə Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən önəmli layihələrindən birinə çevrilib. Yarış və texniki seminarların eyni platformada təşkili iştirakçıların həm rəqabət, həm də təcrübə baxımından inkişafına mühüm töhfə verir. Bakı isə növbəti dəfə Avropanın perspektivli yeniyetmə cüdoçularını bir araya gətirərək beynəlxalq cüdo təqvimindəki əhəmiyyətli rolunu davam etdirəcək.