18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, yığma ikinci turda Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk hissəsini məğlub başa vuran komanda ikinci yarıda əzmkar geridönüş edərək 77:68 hesablı qələbəyə sevinib.
Oyunun ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, qarşılaşmada 20 xal və 17 ribaundla komandasının qələbəsində mühüm rol oynayıb. Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qazandığı ilk qrup qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, yığma qrup mərhələsində növbəti oyununu iyulun 26-sı Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.