27 iyul 2026 19:38
78

Kişilikdən danışdı, amma kişi kimi ölmədi...

Hər ilin iyul-avqust ayları gələndə gözlərimiz önündə ölkəni bürüyən xaos, özbaşınalıqlar, cinayətkarlıqlar, dövlətə qarşı çıxan bir qrup xəyanətkarın bəd əməlləri canlanır.  Maskalanmış satqınlardan biri olan polkovnik Əlikram Hümbətovun xəyanətlərindən danışmaq ona görə lazımdır ki, gənc nəsil də onun ruhuna tüpürüb lənətləsin, yəni bu dünyada nəyi haqq edibsə o cür də yad edilsin. Hərbi andı pozan spararçı Əlikram Hümbətov Azərbaycanın dağılıb məhv olduğu ərəfədə Vətən xaini kimi ölkəyə iki ağır zərbə vurdu. Birincisi, təpədən-dırnağadək silahlanmış briqadanı geri çəkərək Lənkərana gətirdi. İkincisi, cənubda yeddi rayonu qoparıb “Talış Muğan Respublikası” qondarmaqla ölkənin parçalanmasına cəhd göstərdi. Hər ikisi son dərəcə təhlükəli idi. Sonradan məlum oldu ki, hərbi andını pozan polkovnik Vətənə, xalqa xidmət etmək əvəzinə Azərbaycana düşmən kəsilən xarici dairələrin sifarişlərini yerinə yetirirmiş. Lakin “bildirçinin bəyliyi darı sovulana qədər olur.”

Özünü “Talış-Muğan Respublikasının prezidenti” elan etmiş Əlikram Hümbətov 1993-ci ilin avqustunda ifşa ediləndən sonra bir müddət həbsdə qalıb. Azərbaycan Prezidentinin əfv Fərmanı ilə azadlığa buraxılıb. 2013-cü ilin sentyabrında Ermənistana gedib. İrəvandan Qarabağa yollanıb. Süləndiyi yerlərdə onu “qardaşı” İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, professor Qarnik Asatryan müşayiət edib. Onun qondarma "Dağlıq Qarabağ respublikası" parlamentinin sədri Aşot Ğulyanla görüşdüyü və "artsax universiteti”ndə çıxış etməsi barədə erməni mətbuatında xəbər verilib. Üzdəniraq polkovnik orada bir ağacda oturub yüz budaq silkələyib ki, Azərbaycanın düşmənlərinə xoş gəlsin.

O vaxt Ermənistan mediasında yayılmış məlumatlara görə, görüş zamanı Əlikram Hümbətov “talış xalqının Dağlıq Qarabağın müstəqil dövlətçilik quruculuğu yolunda nailiyyətlərini diqqətlə izlədiyini" bildirib.

“Bizim xalq da öz milli dövlətini qurmaq istəyir. Talış Milli Hərəkatının səyləri bu arzunun gerçəkləşdirilməsinə yönəlib”. Bu fikrini o vaxt Hümbətova istinadən qondarma “DQR” parlamentinin mətbuat xidməti xəbər verib.

Qarabağ görüşləri və universitetdə çıxışı zamanı Əlikram Hümbətov Azərbaycanın sabiq müdafiə nazirinin müavini kimi təqdim edilib və onun ötən əsrin 90-cı illərində Qarabağa qarşı hərbi əməliyyatlarda şəxsən iştirak etdiyi qeyd olunub. Təbii ki, o, öz rəzilliyini dana bilməyərək onu axmaq bir verisyada təqdim etməyə cəhd edib və bu cəhd soyuq təbəssümlə qarşılanıb. Görün, Vətənini satan nakişi düşmənə necə yaltaqlanıb:

“Kişi kimi döyüşmüşəm və kişi kimi də barışıq əlini uzatmağa gəlmişəm. Mən həmişə deyirəm ki, kişi kimi döyüşürsənsə, kişi kimi də dostluq etməlisən”.

 

Erməni mediası Əlikram Hümbətovun "sülhpərvər bəyanatlarından" sitat gətirib. Ancaq soruşan olmayıb ki, bəyəm sən Azərbaycan dövlətinin və xalqının vəkilisən ki, barışıq əli uzadırsan?  Çərənləməsini davam etdirən Hümbətov özünə bəraət qazandırmaq üçün deyib: "Bəli, mən Qarabağa qarşı döyüşmüşəm və bunu gizlətmirəm. Lakin bu gün mən müharibəyə nifrət edirəm, çünki öz gözümlə görmüşəm. Nə haqla mən gəncləri döyüş meydanına göndərmişəm? Bu və buna bənzər bir çox suallar məni bu gün narahat edir”.

Əlikram Hümbətovun çıxışında daha sonra Azərbaycan hakimiyyətinin siyasətinə, “talışlara qarşı dözümsüzlük” münasibətinə görə tənqidi sözlər səsləndirdiyi bildirilir. Unudub ki, bütün dünya Azərbaycanı tolerant bir ölkə kimi tanıyır və hörmət edir. Bu faktı etiraf etmək əlbəttə, Əlikram kimi nanəciblərə qətiyyən sərf etmirdi.

Bu adam özü talış olmaya-olmaya talışların adından danışmaqdan heç utanmayıb da. Həyat yoldaşı Südabə Rəsulova və iki oğlundan heç biri talış dilini bilmirdi və evdə də bu dildə danışmırdılar. Onun başqa azarı vardı və bu azar onu çəkib cəhənnəmə apardı.

1993-cü ildə Əlikram Hümbətov Heydər Əliyevin istefa verməsi, Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması, Surət Hüseynovun külli-ixtiyar sahibi olması, Rəhim Qazıyevin xəyalındakı vitse-prezident vəzifəsinə qovuşması üçün çalışırdı. Əlbəttə, özünün də vəzifə gözləntiləri vardı.

Lakin xalqın sevimli rəhbəri Heydər Əliyevin bir çağırışı ilə cənub bölgəsinin əhalisi üsyançı polkovnikə qarşı ayağa qalxdı, separatçılar ortada tək qaldılar və tərksilah edildilər. Həbs olunduqdan sonra isə üsyançı polkovnikin Avropa qurumlarında əsas müdafiəçisi, o cümlədən azadlığa çıxaraq Qərb ölkələrindən birində məskunlaşması üçün köhnə dəllal Leyla Yunus dəridən-qabıqdan çıxırdı. Əlikram Hümbətov 2004-cü ildə əfv edildi və dərhal da Leyla Yunusun cızdığı trayektura üzrə Niderlanda getdi. Çünki Vətəndə yaşamağa üz yeri qoymamışdı, adamların tənəsindən yayınaraq baş götürüb qaçdı. Vətən xaini 2022-ci il dekabrın 22-də ağır xəstəlikdən öldü. Kişilikdən dəm vuran dönük barı öləndə kişi kimi ölmədi.

Bu nakişi xarici ölkəyə lakeylik edib, ata-babasının yurdunu bazara çıxarmağa cəhd göstərib. Yada salaq ki, Əlikram Lerikin türklər yaşayan kəndində doğulub. Orada onu Vətəni satan namərd kimi lənətləyirlər. Unutmayaq ki, lakeylərin vətəni, milliyyəti, mənliyi və şərəfi olmur.

Vəli İlyasov, “İki sahil”