28 iyul 2026 10:15
183

Yay mövsümündə lazer göz əməliyyatı etmək olarmı?

Yay aylarında eynək və kontakt linzalardan istifadənin yaratdığı narahatlıqlar bir çox insanların lazer göz əməliyyatına marağını artırır. Lakin oftalmoloqlar bildirirlər ki, belə əməliyyatların uğuru ilin fəslindən deyil, pasiyentin gözünün vəziyyətindən və əməliyyatdan sonrakı bərpa dövrünə nə dərəcədə əməl etməsindən asılıdır.

Türkiyəli oftalmoloq Başak Bostancı bildirib ki, yay mövsümü lazer göz əməliyyatının aparılması üçün maneə yaratmır. Onun sözlərinə görə, əsas şərt əməliyyatdan sonrakı ilk həftələrdə gözləri ultrabənövşəyi (UV) şüalardan qorumaq, infeksiya riskinə görə dəniz və hovuzdan uzaq durmaq, həkimin təyin etdiyi göz damcılarını müntəzəm istifadə etmək və nəzarət müayinələrini vaxtında keçməkdir: "Əməliyyat qərarı verilərkən pasiyentin istirahət planı da nəzərə alınmalıdır. Dəniz və ya hovuzda istirahət etməzdən dərhal əvvəl lazer əməliyyatı etdirmək sonrakı bərpa dövrünü çətinləşdirə bilər. Bu səbəbdən əməliyyatın tətil ərəfəsinə saxlanılması tövsiyə edilmir."

Başak Bostancı vurğulayıb ki, lazer cərrahiyyəsində məqsəd hər pasiyentə eyni üsulu tətbiq etmək deyil, gözün xüsusiyyətlərinə uyğun ən optimal müalicə metodunu seçməkdir. Onun fikirlərinə əsasən, bunun üçün yalnız görmə qüsurunun dərəcəsi kifayət etmir. Müayinə zamanı buynuz qişanın qalınlığı və quruluşu, göz nömrəsinin son dövrdə dəyişib-dəyişməməsi, göz quruluğunun olub-olmaması, pasiyentin yaşı və digər göz xəstəlikləri də qiymətləndirilir. Yalnız bundan sonra hansı lazer metodunun daha uyğun olduğu müəyyən edilir.

Mütəxəssis bildirib ki, "SMILE Pro" yaxıngörmə və astiqmatizmin korreksiyası üçün istifadə olunan müasir lazer üsullarından biridir. Bu metod zamanı buynuz qişada geniş kəsik aparılmır, kiçik bir kəsik vasitəsilə müdaxilə həyata keçirilir. Bununla belə, bu üsul bütün pasiyentlər üçün uyğun hesab edilmir. Müayinənin nəticəsinə əsasən "SMILE Pro", "LASIK", "PRK" və ya başqa lazer üsullarından biri seçilə bilər.

Oftalmoloq əlavə edib ki, "SMILE Pro" əməliyyatından sonra bəzi pasiyentlər gündəlik həyata daha qısa müddətdə qayıda bilsələr də, görmənin tam bərpası və göz səthinin sağalması hər kəsdə eyni vaxtda baş vermir. Bu dövrdə gözə su dəyməməli, göz ovuşdurulmamalı, tozlu mühitdən uzaq durulmalıdır. Dəniz və ya hovuza nə vaxt girməyin mümkün olacağına isə yalnız həkim nəzarət müayinəsindən sonra qərar verir.

Mütəxəssis yay aylarında kontakt linzadan istifadə edən şəxslərə də xəbərdarlıq edib. O bildirib ki, kontakt linza ilə dənizə və ya hovuza daxil olmaq su vasitəsilə mikroorqanizmlərin göz səthinə keçməsinə və ağır infeksiyaların yaranmasına səbəb ola bilər. Buna görə də kontakt linzaların su ilə təmasından mütləq çəkinmək lazımdır.

Şahnigar Əhmədova, "İki sahil"