KÖŞƏ

Vəli İlyasov

Ermənistana daha bir zərbə

29 dekabr 2016 22:37
598

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqdakı iclasında bu quruma yenidən baş katib seçmək alınmayıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbirə gəlməməsi yetərsayın alınmamasına səbəb olub. Yeni baş katibin seçilməsi 2017-ci ilin aprel ayında baş tutacaq növbəti sessiyaya qədər təxirə salınıb və icrası səlahiyyət müddəti başa çatmış Nikolay Bordyujaya tapşırılıb.

Qeyd edək ki, Rusiya Federasiyasının təmsilçisi olan Nikolay Bordyujanın  səlahiyyət müddəti 2016-cı ilin oktyabr ayında qurtarmışdı. Onu Ermənistan nümayəndəsi əvəz etməli idi. İrəvanda isə bu vəzifəyə keçmiş müdafiə naziri  Seyran Ohanyan nəzərdə tutulmuşdu. Lakin sabiq nazir dövlət rəhbərliyindən küskün düşdüyü üçün  bu vəzifəyə gəlmək istəmədiyini bildirərək  siyasətlə məşğul olacağını bəyan etdi.

2016-cı ilin oktyabrında KTMT-nın İrəvanda keçirilən iclasında Ermənistan prezidenti Serj Sarkisyan baş katib vəzifəsinə istefaya göndərdiyi baş qərargah rəisi, general Yuri Xaçaturovun namizədliyini irəli sürdü. Ancaq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qripdən xəstələnərək Ermənistana  gəlməməsi Xaçaturovun seçilməsinə mane oldu. Lakin sonradan mətbuatda yayılan xəbərlərdə bildirildi ki, Qazaxıstan Prezidenti həmin vaxt xəstə deyilmiş və öz gündəlik  işləri  ilə məşğul imiş və sadəcə İrəvana getmək istəməyib.

Siyasi ekspertlər artıq problemə çevrilmiş bu məsələni  KTMT daxilində mövcud olan ziddiyyətlərlə əlaqələndirirlər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu belə hesab edir ki, İrəvanın uğursuzluğa düçar olması dolayısı ilə Azərbaycanla bağlıdır. Qazaxıstan, Belarus və Qırğızıstan Azərbaycanla yaxşı əlaqələr qurublar və onu tərəfdaşlıq səviyyəsinə qaldırıblar. Həmin ölkələrin prezidentləri Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə dostluq münasibətləri saxlayırlar. Onlar Dağlıq Qarabağ məsələsində haqsız Ermənistanı dəstəkləmək istəmir, təcavüzkara öz yerini tanıtmağa çalışırlar. Təbii ki, bütün bunlar müstəqil  Azərbaycanın keçmiş SSRİ məkanında  böyük nüfuza sahib olmasının  göstəricisidir.

KTMT-nın baş katibi vəzifəsini isə Rusiya nümayəndəsi Nikolay Bordyuja gələn ilin yarısına qədər icra edəcək. Təşkilatın gələn ilki fəaliyyət planını Bordyuja tərtib edəcək. Əgər Ermənistan gələn ilin ikinci yarısında təşkilata rəhbər seçilsə belə, ondan istifadə edə bilməyəcək. KTMT-nın keçən ilki iclasında prezident Serj Sarkisyan təşkilata üzv dövlətləri Azərbaycana qarşı qaldırmaq istəsə də alınmamışdı. Görünür, keçən dəfəki uğursuzluğun əvəzini bu il çıxmağa  çalışıblar. Builki cəhdlər də belə boşa çıxıb.  2018-ci ilin  yanvarın 1-dən isə təşkilatın baş katibliyi Belarusa keçəcək və bununla da Ermənistan KTMT-yə rəhbərlikdən uzaqda qalacaq. Ermənistana göstərilən bu etimadsızlıqdan ölkə rəhbərliyi nəticə çıxarmalıdır, əgər müttəfiqləri tərəfindən bu cür təzyiqlərə məruz qalırsa, onda bunun günahını özündə axtarmalıdır. Ədalətsiz mövqeyindən, Azərbaycana qarşı işğalçı planlarından birdəfəlik əl çəkməli,  işğal etdiyi  əraziləri tezliklə boşaltmalıdır. Onsuz da beynəlxalq aləmdə vassal ölkə,  havadarlarının köməyi ilə qonşuların torpaqlarına  təcavüz edən, müstəqil siyasət yürüdə bilməyən dövlət kimi heç bir nüfuza malik deyil. KTMT-yə isə  müttəfiqləri tərəfindən yaxın buraxılmaması Ermənistana ciddi dərs olmalıdır.