31 iyul 2026 13:30
173

Seuta və Melilya yaxınlığında polislə qanunsuz miqrantlar arasında toqquşmalar baş verib - VİDEO

Aralıq dənizinin Afrika sahilində yerləşən İspaniyanın Seuta və Melilya muxtar şəhərlərinə daxil olmağa çalışan qanunsuz miqrantlarla təhlükəsizlik qüvvələri arasında iyulun 31-nə keçən gecə toqquşmalar baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə «Maghreb Times» xəbər portalı məlumat yayıb.

Məlumata görə, Melilyaya aparan Bəni-Ənsar və Seuta yaxınlığındakı Bab-Sebta sərhəd keçid məntəqələri ərazisində cümə axşamı axşam saatlarından cümə səhərinə qədər gərginlik pik həddə çatıb. Sərhəd məntəqələrindən muxtar şəhərlərin ərazisinə sızmağa çalışan yüzlərlə gəncin qarşısını almaq üçün təhlükəsizlik qüvvələri «vəziyyəti nizama salmaq və sərhədin pozulmasının qarşısını almaq məqsədilə müdaxilə etməyə» məcbur olublar.

Portal qeyd edir ki, polisin qanunsuz keçid cəhdlərinin qarşısını almaq səyləri iğtişaşlara və şiddətli toqquşmalara çevrilib. Sərhəd-keçid məntəqələrinə toplaşan gənclər təhlükəsizlik qüvvələrini daşqalaq ediblər.

İğtişaşlar nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, bir neçə minik avtomobili və avtobus yandırılıb, dövlət və özəl əmlaka zərər vurulub. Sərhəd keçidləri ətrafındakı ərazilərə nəzarəti bərpa etmək üçün toqquşma zonalarına əlavə qüvvələr cəlb olunub.