Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir. Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi türk dövlətləri tərəfindən vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir. Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin müntəzəm xarakter daşıması, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsi bu birliyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.
Reallıq budur ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib. Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir. “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq” söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi oldu. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq qeyd etməliyik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci ilin oktyabr ayında Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərlərində olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Siyasi iradə, iqtisadi-logistik inteqrasiya, mədəni-humanitar bağlılıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam üst-üstə düşdüyünü və bu əməkdaşlığın geosiyasi əhəmiyyətinin getdikcə daha da artdığını göstərir. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Sadır Japarov bu əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. Qırğızıstan Prezidentinin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. İmzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Bu gün birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edildi. Bu da son hədd deyil.
Millət vəkili bildirib ki, hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri, təbii ki, sənədlərin imzalanmasıdır. İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Prezident İlham Əliyevin bu səfəri zamanı 14 sənəd imzalanıb. Bunlar arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni qeyd etmək istərdik. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Qırğızıstanla imzalanan müttəfiqlik sənədi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bu məzmunda imzaladığı üçüncü sənəddir. Belə ki, Azərbaycan ilə Qazaxıstan arasında 2005-ci ildə “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması, daha sonra 2022-ci ildə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbul edilməsi ölkələr arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Bunun ardınca 2024-cü ildə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycanın Mərkəzi Asiya istiqamətində xarici siyasətinin ardıcıl xarakter daşıdığını göstərən mühüm addımlardan biri kimi dəyərləndirildi. Azərbaycanın digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri də yüksək səviyyədə inkişaf edir. Belə ki, Azərbaycan ilə Türkmənistan, eyni zamanda, Azərbaycanla Tacikistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması region dövlətləri ilə əlaqələrin siyasi, hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verir. Bir sözlə, Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli və strateji xarakter daşıyan regional əməkdaşlıq modelinə çevrilir.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir. Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək. Prezident İlham Əliyevin səfəri çərçivəsində Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Prezident İlham Əliyevin bu görüşdə iştirakı yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı regional əməkdaşlıq formatının yeni məzmun qazanmasını, Xəzər hövzəsində və Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü son illərdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət qazanan dialoq platformalarından biridir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.
Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan münasibətləri Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu münasibətlər həm Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir